Sözlə sükut arasında:
Nigar Orxanın poeziya dünyası
Bəzi şairlər var ki, şeiri yazmır — onu yaşayır. Onların misraları oxucunun ağlına deyil, birbaşa qəlbinə toxunur. Nigar Orxan da məhz belə qələm sahiblərindəndir. Onun poeziyası ilk oxunuşda sakit görünür, lakin dərinliyində böyük bir daxili tufan gizlədir.
Nigar Orxanın şeirlərində insan ruhunun ən həssas qatlarına toxunulur. Sevgi, itki, gözləmə, xəyanət və səssiz ağrılar onun misralarında təbii və səmimi şəkildə canlanır. Bu poeziyada pafos yoxdur, əvəzində içdən gələn, dərin hisslərin izləri var.
Şairin dili sadə, lakin təsir gücü yüksəkdir. Oxucu onun şeirlərində özünü tapır — bəzən yarımçıq qalan bir ümiddə, bəzən də içində susdurduğu bir ağrıda. Nigar Orxanın poetik dünyası oxucunu yormur, əksinə, səssizcə düşündürür və uzun müddət yaddaşda qalır.
Bu daxili sarsıntı və ruh halı onun aşağıdakı misralarında aydın hiss olunur:
Çağlayan dənizəm,yelkənsiz gəmim,kürəksiz təknəm
Sahilə gömülüb ümidlərim,suda qərq olan tək mən.
Yanan,alışan pərvamədir,əriyən nədənsə şəm.
Qəlbim tufan qoparar,ilham coşar,dalğalanar dəm.
Duyulmaz yazan qəlbim,bircə çırpınan kəlməm.
Boynubükük şeirlərim,bəstəsiz qalan nəğməm.
Bu misralar Nigar Orxanın poeziyasına xas olan daxili tənhalığı, sözlə ifadə olunmayan hayqırtını və ruhun sükut içində çırpınışını açıq şəkildə göstərir.
Onun şeirlərində qadın obrazı sadəcə sevən deyil, həm də susan, gözləyən, dözən və yenə də sevgini içində yaşadan bir varlıqdır. Bu baxımdan Nigar Orxanın poeziyası həm fərdi, həm də ümumbəşəri duyğulara toxunur. Şairin sözlərinə bəstələnən mahnılar da son zamanlar sosial mediada yer alıb və çox da rəğbətlə qarşılanır. Onun öz ifasında səslənən şeirləri və AI ilə bəstələnən mahnıları ilə @nigar_orxan01, @nigar.orxan01 instaqram səhifəsində tanış ola bilərsiniz.
VƏFASIZ
Gəlmə, bu şəhər, mavi Xəzər səni özləmir.
Dar küçələr, dolanbaclar, bir də o qız gözləmir.
O qızın saf qəlbini qırmısan və unutmusan,
Təmiz eşqi, məhəbbəti yad ellərə satmısan.
Acımadan, ay vəfasız, atmısan, tərk etmisən,
Səndən ona yadigar göz yaşı hədiyyə etmisən.
Gəlmə, bu şəhər, mavi Xəzər səndən küsübdür,
Yollar unutmuşdur, küçələr qan qusmuşdur.
O qızın dili tutulub, nəğmələri susubdur,
Bu şəhərə sən artıq yadsan, yabancısan.
Qüruru ilə oynayıb sevən könlü alçatmısan,
Gecə kimi qapqara gözlərini ağlatmısan.
Sökə bilmir səni qəlbindən, xəyalından,
Ata bilmir başından, silə bilmir yaddaşından.
Buludlar belə doldu, yağmurlar belə ağladı,
Sən heç utanmadınmı o qızın göz yaşından?
Gəlmə, bu şəhər yoluna tikanlı sərhəd çəkibdir,
Həsrətin sevən ürəyə dərd gülləri əkibdir.
Sən onu tərk edən gündən özünü itiribdir,
Yolunu gözləməkdən həyat tükənib, bitibdir.
Gəlmə, Xəzər səni dərin sularında batırıbdır,
Yollara dikilən gözlər gecə-gündüz ağlayıbdır.
O qızın naləsindən göylər qara bağlayıbdır,
Gəlmə, bu şəhər səndən iyrənibdir, doyubdur.
O qara, ipək zülfləri hicran, həsrət yolubdur,
Onun indi həmdəmi arsız yalqızlıq olubdur.
Tez-tez xəyallara dalır, odda qovrulur, yanır,
Solğun rəsmlərinə baxıb gizlin-gizlin ağlayır.
Ay vəfasız, illər keçsə də səni unutmayıbdır,
Ötən fəsillər, mövsümlər könlünü ovutmayıbdır.
Tez-tez xatırlayır, sarsılır, adını hər gün anır,
Özünü dünyanın ən bədbəxt qadını sanır.
Xatirələr yarasının qaysağını qoparıb, oyubdur,
O qız sənin ismini övladına, oğluna qoyubdur.
Gəlmə, bu şəhər, Xəzər sənə məzar qazıbdır,
Məzar daşının üzərinə vəfasız ismini yazıbdır.
Hazırladı: Esmira Şahbazova
İnstaqramda:
@nigar_orxan01
@nigar.orxan1
https://youtu.be/OWue0e9wBx0


