Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəsmiyyə Sabir: 

“Özündən narazı” şairin xatirəsinə

... hələ uşaq olanda onun şeirlərini bacımın alıb gətirdiyi “Payız düşüncələri” adlı kitabından oxuyub əzbərləyirdim. Məşhur şairin “Payız düşüncələri” bir məktəblini də düşüncələrə qərq etmişdi, onu tamam fərqli bir aləmə alıb aparmışdı. Nədənsə bacım bu kitabı oxumağıma icazə vermirdi. Yəqin ki, yaşımın azlığından onu dərk edə bilməyəcəyimi düşünürdü. Lakin nə bacım mənə bu haqda bir söz deyirdi, nə də mən soruşurdum. Ancaq fürsət tapdıqca gizli-gizli “Payız düşüncələri”ni oxuyurdum və düşünürdüm...

Zaman keçəcəkdi...

Mən böyüyüb şair olacaqdım, hətta “Payız düşüncələri”nin müəllifi də mənim şeirlərimi oxuyub bəyənəcəkdi...

Zaman keçəcəkdi...

Mən Tokata “Yeşilırmak Uluslararası Şeir Şöləni”nə qatılacaqdım. “Abi” dediyim Osman Başın sonsuz zəhmətiylə araya-ərsəyə gələn bu tədbir zamanı Tokatın “Günəş” televiziyası ilə canlı yayında çıxış edərkən öz şeirlərimlə yanaşı, məşhur şairin “Bir salama dəymədi” şeirini oxuyacaqdım. Bu bir təsadüf idimi, yoxsa zərurət, deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, nədənsə o zaman öz şeirlərimlə bərabər Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini oxumaq keçmişdi qəlbimdən:

Getdin, dalınca baxdım, can ayrıldı canımdan,

Sən necə etinasız ötə bildin yanımdan,

Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,

Sənin qəlbin əsmədi.

Arxana da baxmadın!

Niyə sənin yolunu məhəbbətin kəsmədi?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

...Sən mənə zülm eylədin, mənə zülm yaraşır.

Bir salama dəyməyən eşqə ölüm yaraşır.

... həm də elə gözəl (təvazökarlıqdan uzaq da olsa) oxudum ki... Bəlkə bir də heç vaxt bu şeiri o qədər gözəl oxuya bilməyəcəyəm. Təsadüfi deyil ki, o zaman mənimlə bərabər canlı yayında çıxış edən tənqidçi Əsəd Cahangir “bu şeir Azərbaycanda çox sevilir və onun xeyli sayda ifaçıları var, lakin Rəsmiyyə xanım onu xüsusi bir şövqlə, gözəlliklə söylədi” dedi.

Bunlar gələcəkdə baş verəcəkdi...

...hələ kiçik bir məktəbli Bəxtiyar Vahabzadənin “Ana dili” adlı şeirini yaddaşına köçürürdü:

Dil açanda ilk dəfə ana söyləyərik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil, - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

İllər keçirdi, uşaqlıq yavaş-yavaş arxada qalırdı. Gənclik illəri... Yenə də Bəxtiyar Vahabzadənin şeirləri biz gənclərin dilindən düşmürdü:

...Dağlara dırmanıb ardımca qoşdun,

Özgə buludlara qarışan mənəm.

Taleyin hökmüylə sən çox vuruşdun,

Bu ağır hökm ilə barışan mənəm.

Yandıran da mənəm, yaxılan da mən.

Döyən də,

Vuran da, yıxılan da mən!

Ayrıldıq...

Bilmədik,

Neçin,

Nədən biz?

Ayrıldıq...

Ayrılıq istəmədən biz.

Zaman keçirdi, ömürdən illər bir-birini əvəz edirdi. Bəxtiyar Vahabzadənin qəzet, kitab səhifələrinə yazdıqları ürəyimizə yazılırdı:

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə bundan razıyam ki,

Özümdən narazıyam.

...bəli, o, özündən narazı idi. Şair kimi, insan kimi, yoxsa vətəndaş kimi? “Gülüstan” poemasının, ana dili, muğam və başqa milli-mənəvi dəyərlər haqqında yüzlərlə şeirin müəllifi nədən narazı idi? Bəlkə:

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə qandırdı muğam.

-deyən şair hələ vaqif ola bilmədikləri üçün özündən narazı idi. Deyə bilmərəm. Yəqin ki, bu sualın dəqiq cavabını yalnız o özü verə bilərdi. Türk Dünyasının Bəxtiyar Vahabzadəsi. O, isə indi haqq dünyasındadır və kim bilir, hansı suallara cavab verir...

Allah sənə rəhmət eləsin, Şair!

Mərhum şairin əziz xatirəsinə sayqılarla: Rəsmiyyə Sabir

Best coffeeshop in Berlin