Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında iki gün əsl bayram ab-havası yaşanıb +FOTO=37

17 və 18 mart tarixlərində Dövlət Uşaq Filarmoniyasında “Novruz festivalı” çərçivəsində bir-birindən maraqlı konsert proqramları baş tutub. Festival çərçivəsində tamaşaçılara “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Ailələrinə Sosial Dəstək” ictimai birliyinin istedadlı uşaqlarının əl işləri və rəsm əsərlərindən ibarət sərgi və yarmarka təqdim olunub.
AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək, onların cəmiyyətə inteqrasiyasına və yaradıcılıq potensiallarının üzə çıxmasına töhfə vermək əsas prioritetlərimizdəndir. Onlara göstərilən diqqət və qayğı onların həyatına işıq, gələcəyinə isə ümid gətirir. Hər bir uşaq sevgi və dəstək sayəsində öz istedadını nümayiş etdirə bilər.
Festivalın ilk günü sərgi və yarmarkanın açılış mərasimi baş tutub. Açılışda “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədr müavini İbadov Məhəmməd çıxış edərək belə şəraitin yaradılmasına göstərilən dəstəyə görə Dövlət Uşaq Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürünü bildirib, ictimai birliyin fəaliyyəti haqqında qısa məlumat verib. Daha sonra konsertin bədii hissəsi başlayıb.
Bədii hissədə Dövlət Uşaq Filarmoniyasının istedadlı solistləri və “Şəms” uşaq xoru maraqlı və rəngarəng çıxışları ilə tamaşaçılara unudulmaz musiqi anları bəxş ediblər. Festival proqramında təqdim olunan ifalar milli və dünya musiqisinin gözəlliyini bir araya gətirərək baharın ruhunu səhnədə canlandırıb. Gənc istedadların çıxışları böyük maraq və alqışlarla qarşılanıb.
Festivalın ikinci günü isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblının solo konserti baş tutub. Ansamblın bədii rəhbəri Mehdiyeva Qönçə və xanəndə-müəllim Niftəliyev Elbrus uzun illərdir ki, Filarmoniyada fəaliyyət göstərirlər. Xalqımızın əsrlər boyu qoruyub yaşatdığı musiqi ənənələri — muğamlar, xalq mahnıları və bəstəkar əsərləri ansamblın repertuarının əsasını təşkil edərək milli musiqi irsimizi yaşadır.
Səhnədə çıxış edən gənc ifaçılar Filarmoniyanın qayğısı ilə yetişən, milli musiqimizə sevgisi ilə seçilən istedadlı uşaqlardır.
Konsert ansamblın bədii rəhbəri Mehdiyeva Qönçənin çıxışı ilə açılıb. O, ansamblın uzun illik fəaliyyətindən, qazandığı uğurlardan və xarici ölkələrə səfərlərindən bəhs edib. Eyni zamanda 44 günlük Vətən müharibəsində şəhid olmuş, ansamblın seçilən üzvlərindən biri olan Toğrul Hacıyev bir dəqiqəlik sükutla yad edilib. 
Ansamblı təbrik etmək üçün V Muğam müsabiqəsinin qalibi, uzun illər Dövlət Uşaq Filarmoniyasının solisti olmuş Sədəf Budaqova səhnəyə çıxaraq ifası ilə müəllimlərinə təşəkkürünü bildirib və onların zəhmətini xüsusi vurğulayıb.
Konsertin maraqlı məqamlarından biri də Uşaq Filarmoniyasının rəqs müəllimi Qəmbəroba Nuranə və Mehdiyeva Qönçənin səhnəyə çıxaraq ansamblla birlikdə ifası oldu.
Konsertin sonunda Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə və direktor müavini Leyla Muradzadə ansamblı və müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Ansambl tərəfindən onlara xatirə hədiyyələri təqdim olunub.
Sonda bütün iştirakçılarla xatirə şəkilləri çəkdirilib. 

Best coffeeshop in Berlin