Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ADPU-nun filiallarında Soyqırım qurbanlarının xatirəsi yad edilib +FOTO=10

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “1918-ci il 31 Mart Soyqırımı: Tarixi həqiqətlər və müasir araşdırmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin açılışında Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin və 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, ardınca Quba Soyqırımı Memorial Kompleksi haqqında qısametrajlı film nümayiş olunub.

Filialın direktoru professor Yusif Alıyevin təqdimatında ustad mühazirəsi dinlənilib. Mühazirədə 1918-ci il 31 Mart hadisələrinin tarixi xronologiyası ardıcıl şəkildə təqdim edilib. Y.Alıyev Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, dövlətçilik ənənələrinə və qurucu nəsillərin fəaliyyətinə toxunub, Zaqafqaziya Seyminin fəaliyyəti, regionda mövcud olan siyasi vəziyyət və xarici qüvvələrin təsiri kontekstində baş verən hadisələri təhlil edib. Çıxışda Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun fəaliyyəti, Bakının işğaldan azad edilməsi prosesi, eləcə də Əlimərdan bəy Topçubaşovun beynəlxalq müstəvidə apardığı siyasi mübarizə xüsusi vurğulanıb. Direktor Heydər Əliyevin 31 Mart hadisələrinə verdiyi hüquqi-siyasi qiymət və bu istiqamətdə atdığı addımları təhlil edərək, onun ideyalarının davamı kimi Ali Baş komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti və ölkənin ərazi bütövlüyünün təmin edilməsini xüsusi vurğulayıb.

Daha sonra Təbiət elmləri fakültəsinin dekan müavini tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev, Filialın İctimai elmlər kafedrasının baş müəllimi Zəminə Qayıbxanova və Tarix müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nurtəkin Məmmədova çıxış edərək 31 Mart hadisələrinin müxtəlif aspektlərini elmi yanaşma ilə təqdim ediblər.

Filialda həmçinin 31 Mart – Azərbaycanlıların Soyqırımından bəhs edən kitab və şəkillərdən ibarət sərgiyə baxış keçirilib. Həmçinin gün ərzində filialın rəhbərliyi və kollektivi də Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Şəki filialında 1918-ci ilin Mart soyqırımının 108-ci ildönümünə həsr olunmuş “Mart soyqırımı ümummilli faciədir” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, əməkdaşları və tələbələr iştirak ediblər. 

Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev açaraq bildirib ki, 1918-ci ilin Mart soyqırımı faciəsi Azərbaycanın ən yeni tarixinin qanlı səhifələrindən biridir. 30 mart - 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak-erməni birləşmələri Azərbaycanın bir sıra ərazilərində, o cümlədən Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir çox digər bölgələrində qanlı cinayətlər törədib, xüsusi amansızlıqla çoxsaylı soydaşımızı qətlə yetiriblər. 

Anım günü tədbirində filialın Humanitar fənlər kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli “1918-ci ilin mart soyqırımı ümummilli faciə kimi”, həmin kafedranın baş müəllimi Mirvari Eminova “Mart soyqırımı tarixin yaddaşında” mövzularında çıxış ediblər.

Best coffeeshop in Berlin