Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində musiqi və ifaçılıq sənəti üzrə tematik qrupun dərsləri keçirilib +FOTO=16

13-17 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Bülbülün Memorial Muzeyində Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan “Musiqi və ifaçılıq sənəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan musiqi irsinin əsas komponentləri - muğam sənəti, eləcə də tar, kamança və balaban kimi ənənəvi musiqi alətlərinin hazırlanması və ifaçılıq xüsusiyyətləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Proqramın əsas məqsədi qeyri-maddi musiqi irsi anlayışının mənimsənilməsi, Azərbaycan muğamının tarixi və musiqi quruluşunun öyrənilməsi, ənənəvi musiqi alətlərinin texniki və akustik xüsusiyyətlərinin izahı, eləcə də iştirakçıların ifa və musiqi dinləmə bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycan muğamı və ənənəvi musiqi alətlərinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi yollarına yönəlib.
Proqramın ilk günü - 13 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı və Azərbaycan musiqi mədəniyyətinin inkişaf mərhələləri haqqında məruzə ilə çıxış edib. Dr. Elmira Abasova (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) “Musiqinin fəlsəfi dəyəri”, Prof. Dr. Kübra Əliyeva isə “Muğamın tarixi və milli kimlikdə rolu” mövzularını təqdim edib.
14 aprel tarixində keçirilən ikinci modul tar alətinə həsr olunub. Səxavət Məmmədov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Tarın yaranma tarixi, formalaşması və ifaçılıq sənəti” mövzusunda çıxış edib və ifaçılıq üzrə ustad dərsi keçirib. Usta Musa Yaqubov isə tarın hazırlanması texnologiyası üzrə praktiki ustad dərsi təqdim edib.
15 aprel tarixində keçirilən üçüncü modul kamança sənətinə həsr olunub. Dos.Dr. Toğrul Əsədullayev (Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) kamança alətinin tarixi və inkişaf mərhələləri barədə məruzə ilə çıxış edib, həmçinin ifaçılıq üzrə ustad dərsi keçirib. Usta Musa Yaqubov tərəfindən kamançanın hazırlanması üzrə praktiki məşğələ təşkil olunub.
16 aprel tarixində keçirilən dördüncü modul balaban sənətinə həsr edilib. Şirzad Fətəliyev (əməkdar artist, Azərbaycan Milli Konservatoriyası) balabanın Azərbaycan musiqisində rolu barədə çıxış edib və ifaçılıq üzrə ustad dərsi keçirib. Praktiki məşğələlər çərçivəsində balabanın hazırlanması prosesi də nümayiş etdirilib.
17 aprel tarixində keçirilən yekun modul çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər. Mehman Mikayılov (tarzən) və Ruslan Adgözəlov (xanəndə) tərəfindən muğam ifaçılığı üzrə məşqlər aparılıb, qrup ifaları və canlı təqdimatlar təşkil olunub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllim və tələbələri təqdimatlarda fərqləniblər. Təlim proqramı açıq ifa və yekun təqdimatlarla başa çatıb.
İştirakçıların yekun qiymətləndirilməsi elmi və nəzəri bilik, ifa bacarığı, ansambl işi, musiqi duyumu və təqdimat bacarıqları üzrə aparılıb. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Proqramın sonunda iştirakçılar Azərbaycan muğam sənətinin əsas xüsusiyyətlərini izah etmək, musiqi alətlərinin hazırlanma və ifa prinsiplərini tətbiq etmək və ansambl şəklində ifa bacarıqları nümayiş etdirmək kimi mühüm bilik və bacarıqlar əldə ediblər.

Best coffeeshop in Berlin