Ölkənin aparıcı gənclər təşkilatları üçün narkotiklərlə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib +FOTO=13
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri üçün narkotik və psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan tədbir zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri İsmayıl Süleymanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupnun əməkdaşı Şahin İsmayılov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi Nəcəf Aydınoğlu, Azərbaycan Milli Antidopinq Agentliyinin şöbə müdiri Nicat Əmiraslanlı və Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı çıxış edərək narkotik vasitələrə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, bu maddələrin cəmiyyətdə yaratdığı sosial və tibbi problemlər, asılılığın formalaşma mərhələləri, eləcə də mənəvi-əxlaqi dəyərlərə vurduğu zərər barədə geniş məlumat veriblər. Eyni zamanda, çıxışlar zamanı narkotik və psixotrop maddələrin xüsusiyyətləri və onların insan orqanizminə, xüsusilə psixoloji sağlamlığa göstərdiyi mənfi təsirlərdən bəhs edilib, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində keçirilən tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanıb. Maarifləndirici sessiya Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradovun moderatorluğu ilə interaktiv formada davam etdirilib.
Qeyd edək ki, bu kimi tədbirlər gənclərin maarifləndirilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinə uyğun olaraq il ərzində ölkənin müxtəlif şəhər və rayonlarında mütəmadi həyata keçirilir.


