Qulu Məhərrəmli:
Müşfiq və Lorka: eyni taleyi yaşayanlar...
Sənət adamları, o cümlədən yazıçı, şair və publisistlər təkcə Vətənin, yaşadıqları dövrün tərənnümçüləri deyil, həm də cəmiyyətin dərdlərini, ağrılarını, təhlükələri görüb-duyub həyəcan təbili çalanlardır. Bizim Mirzə Cəlil, Sabir, Üzeyir Hacıbəyli kimi. Dünya ədəbiyyatında bu mənada ən böyük simalardan biri İspan şairi Federiko Qarsia Lorkadır.
Mən Lorkanın bənzərsiz yaradıcılığı haqqında 2-3 il əvvəl mərhum ədəbiyyatşünas alimimiz İradə Musayevanın silsilə məqalələrini oxumuş və təsəvvürümdə onun repressiya illərində ömrü yarıda qırılmış nakam şairimiz M.Müşfiqə bənzər obrazını yaratmışdım. Çünki Lorka da, Müşfiq də eyni dərəcədə tükənməz yaradıcılıq enerjisi ilə poeziya meydanına atılmış və hər ikisi azad düşüncələrinə görə eyni ittihamla-"rejimin düşməni" kimi ötən əsrin 30-cu illərində repressiyanın (İspaniyada Franko faşizmi, Azərbaycanda Stalin bolşevizmi) qurbanı olmuşdular. M.Müşfiqin də, F.Lorkanın da poeziyasında güclü həyat eşqi, sevgi, insan azadlığı, musiqi və lirizm, mərhəmət və şəfqət, faciə, ölüm, tənhalıq və sosial ədalətsizlik mövzuları əsas yer tutur.
Doğrudur, hər cür müqayisə qüsurludur, amma MİMTA YAYIMLARInın bu günlərdə F.Q.Lorkanın çapdan buraxdığı "Ən kədərli sevinc" şeirlər kitabını oxuyandan sonra istər-istəməz içimdən belə bir müqayisə aparmaq keçdi.
Dünya poeziyasında azadlıq, mübarizlik və humanizm rəmzlərindən biri kimi qəbul edilən F.Q.Lorkanın şeirlərini (tərcümə: Mahir Qarayev) Azərbaycan oxucularına təqdim etdiyi üçün MİMTA nəşriyyatına təşəkkürlər!


