Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fariz Xəlillinin italyan dilində “Azərbaycanın arxeoloji irsi” kitabı nəşr olunub

Azərbaycanın zəngin arxeoloji və mədəni irsini İtaliya və Avropa oxucularına tanıtmaq məqsədilə tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlillinin italyan dilində “Patrimonio Archeologico dell’Azerbaigian” (Azərbaycanın arxeoloji irsi) adlı monoqrafiyası nəşr olunub.
Nəşr “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanın tarixi-mədəni irs obyektlərinin tanıdılması” layihəsi çərçivəsində işıq üzü görüb.
Monoqrafiya Azərbaycanın arxeoloji irsini Paleolit dövründən müasir dövrədək ardıcıl şəkildə təqdim edən ilk genişhəcmli italyandilli elmi nəşrlərdən biridir. Əsərdə Azərbaycanın tarixi Cənubi Qafqaz və Yaxın Şərqin ümumi sivilizasiya kontekstində şərh edilir. Müəllif arxeoloji materialları tarixi, iqtisadi, dini, sosial və mədəni proseslərlə əlaqələndirərək oxucuya minilliklər boyu formalaşmış zəngin mədəni inkişaf yolunu elmi əsaslarla təqdim edir.
280 səhifə həcmində olan kitab dörd əsas bölmədən ibarətdir. Birinci bölmədə Paleolit, Mezolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrləri, Azıx mağarası, Quruçay mədəniyyəti, Kür-Araz mədəniyyəti, Gəmiqaya petroqlifləri və Azərbaycanın digər mühüm arxeoloji abidələri geniş şəkildə təhlil olunur. İkinci bölmə Qafqaz Albaniyasının arxeologiyasına, erkən xristianlıq dövrünə və alban maddi-mədəni irsinə həsr edilib. Üçüncü bölmədə İslam arxeologiyası, orta əsr şəhərləri, memarlıq, sufilik və dini-mədəni irs məsələləri araşdırılır. Sonuncu bölmədə isə tərəkəmə həyat tərzi, xalq ənənələri və qeyri-maddi mədəni irs arxeoloji və etnoqrafik baxımdan təqdim edilir.
Monoqrafiyanın əsas üstünlüklərindən biri onun elmi-populyar üslubda hazırlanmasıdır. Müəllif mürəkkəb arxeoloji problemləri sadə və anlaşılan dillə izah etməklə yanaşı, beynəlxalq oxucu auditoriyası üçün zəruri terminoloji açıqlamalar, tarixi-mədəni kontekst və müqayisəli təhlillər təqdim edib. Bu yanaşma kitabı həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün əlçatan edir.
Nəşrdə yüzlərlə yüksək keyfiyyətli fotoşəkil, arxeoloji tapıntılar, muzey eksponatları və ekspedisiya materiallarından istifadə olunub. Vizual materiallar elmi mətnin məzmununu tamamlayaraq oxucunun Azərbaycanın zəngin mədəni irsi haqqında dolğun təsəvvür formalaşdırmasına xidmət edir. Xüsusilə Azıx mağarası, Eneolit və Tunc dövrü abidələri, Qafqaz Albaniyası və İslam dövrünə aid maddi-mədəniyyət nümunələri zəngin foto sənədlərlə təqdim olunub.
Monoqrafiyanın elmi redaktoru tanınmış Azərbaycan arxeoloqu, professor Qafar Cəbiyev, filoloji redaktoru isə italiyalı bərpaçı alim professor Luigi Scrinzi olmuşdur. Nəşrə elmi rəylər italiyalı tədqiqatçı Dr. Andrea Macchia və azərbaycanlı alim Dr. Nasir Quluzadə tərəfindən hazırlanmışdır. Azərbaycan və İtaliya alimlərinin bu birgə əməkdaşlığı kitabın beynəlxalq elmi standartlara uyğun hazırlanmasına mühüm töhfə verib.
Kitabın əsas məqsədi Azərbaycanın zəngin arxeoloji irsini Avropa elmi ictimaiyyətinə tanıtmaq, Azərbaycan–İtaliya elmi və mədəni əməkdaşlığını daha da inkişaf etdirmək, eyni zamanda mədəni irsin qorunması sahəsində beynəlxalq dialoqa töhfə verməkdir. Müəllif ön sözdə vurğulayır ki, arxeologiya yalnız keçmişi öyrənən elm deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirən və mədəni körpülər yaradan universal vasitədir.
“Patrimonio Archeologico dell’Azerbaigian” monoqrafiyası Azərbaycan arxeologiyasının beynəlxalq elmi məkanda tanıdılması istiqamətində mühüm nəşrlərdən biri olmaqla yanaşı, ölkənin mədəni diplomatiyasına, elmi irsinin beynəlxalq səviyyədə təbliğinə və Avropa oxucularının Azərbaycan haqqında obyektiv elmi bilik əldə etməsinə əhəmiyyətli töhfə verən fundamental əsər kimi qiymətləndirilə bilər.

Best coffeeshop in Berlin