Argentina millisi İordaniya yığmasını məğlub edib
Lionel Messi mundiallarda 19-cu qolunu vurub
ABŞ, Kanada və Meksikada futbol üzrə keçirilən 23-cü dünya çempionatında (DÇ-2026) dünən və bu gün daha üç qrupda (J, K, L) baş tutan oyunlarla mundialın qrup mərhələsinə yekun vurulub. Maraqlı oyunlardan biri "J" qrupunda hazırkı dünya çempionu Argentina ilə İordaniya yığması arasında olub. Arlinqton (ABŞ) şəhərindəki "ATT Stadium" arenada baş tutan və taleyi rumıniyalı referi İştvan Kovana həvalə edilən oyunda dünya çempionu qalib gəlib - 3:1. Matçın 19-cu dəqiqəsində Covanı Lo Selso hesabı açaraq argentinalıları irəli çıxarıb - 1:0.
31-ci dəqiqədə isə Lautaro Martines penalti zərbəsi ilə hesabı artırıb - 2:0. Komandalar bu hesabla fasiləyə yollanıblar. Matçın 55-ci dəqiqəsində rəqib komandanın futbolçusu Musa Əl-Taamari bu qollardan birinin əvəzini çıxa bilib - 2:1.
Matçda son nöqtəni yenə də Lionel Messi qoyub. O, 80-ci dəqiqədə cərimə zərbəsi ilə hesab arasındakı fərqi yenidən artırıb - 3:1.
Bu Messinin hazırkı dünya çempionatında sayca 6-cı, mundiallar tarixində isə 19-cu qolu olub. Bununla da Argentina pley-offa (1/16 finala) qrup lideri kimi yüksəlib. Yeri gəlmişkən, Argentina millisi iyulun 3-də 1/16 finalda Kabo-Verde komandası ilə qarşılaşacaq.
"J" qrupunda baş tutan digər oyunda Əlcəzairlə Avstriya millisi meydanı 3:3 hesablı heç-heçə ilə tərk edib. Bu nəticə isə hər iki komandanın 1/16 finala yüksəlməsinə xidmət edib.
"J" qrupunda yekun turnir cədvəli belədir:
Argentina 3 3 0 0 8-1 9
Avstriya 3 1 1 1 6-6 4
Əlcəzair 3 1 1 1 5-7 4
İordaniya 3 0 0 3 0-4 0
"K" qrupunda isə bütün diqqətlər Portuqaliya - Kolumbiya matçına yönəlib. Kriştiano Ronaldonun komandası qrup mərhələsini lider kimi başa vurması üçün mütləq oyunu udmalı idi. Lakin, Ronaldo heç bir möcüzə yarada bilməyib. Qarşılaşma qolsuz bərabərliklə bitib - 0:0. Qrupda baş tutan digər matçda isə DR Konqo millisi Özbəkistan komandasını məyus edib - 3:1.
Bundan sonra "K" qrupunda yekun turnir cədvəli belə olub:
Kolumbiya 3 2 1 0 4-1 7
Portuqaliya 3 1 2 0 6-1 5
DR Konqo 3 1 1 1 4 -3 4
Özbəkistan 3 0 0 3 2-11 0
Günün ən dramatik oyunları "L" qrupunda keçirilib. İngiltərə millisi Panama yığması ilə, Xorvatiya isə Qana komandasıyla üzləşib.
ABŞ-ın Nyu-York şəhərindəki "Nev York/Növ Yersey Stadium" arenada bas tutan və 80.663 min tamaşaçının izlədiyi oyun İngiltərə millisinin qələbəsi ilə bitib - 2:0. Qollar matçın ikinci yarısında vurulub. Matcda ilk qolu 62-ci dəqiqədə Cud Bellinqem vurub - 1:0. Bundan 5 dəqiqə sonra isə Harri Keyn məhz Bellinqemin ötürməsini qola çevirib - 2:0. Harri Keyn bununla da DÇ-2026-da 5-ci qolunu vurub və bombardirlər siyahısındakı yerini möhkəmləndirib.
"L" qrupunda kecirilən digər oyunda isə Xorvatiya millisi Qana yığmasını üstələyib - 2:1.
"L" qrupunda yekun turnir cədvəli belədir:
İngiltərə 3 2 1 0 6-2 7
Xorvatiya 3 2 0 1 5-5 6
Qana 3 1 1 1 2-2 4
Panama 3 0 0 3 0-4 0
İNTİQAM Məmmədov


