Triomuz "Baku Open-2025"in ilk üçlüyündə
Murad İbrahimli yarış cədvəlində birincidir
İki gün öncə "Kristal Hall"da 16 ölkəni təmsil edən 700-dək şahmatçınin qatıldığı və Azərbaycan Şahmat Turu Seriyası çərçivəsində keçirilən "Baku Open-2025" beynəlxalq turnir davam edir. Reytinq səviyyəsinə görə üç müxtəlif qrupda (A, B və C) İsveçrə sistemi üzrə 9 turda keçirilən və mükafat fondu 55 min dollar (93,5 min manat) təşkil edən turnirdə artıq ilk iki tur geridə qalıb. Qeyd edək ki, 31-i Azərbaycan təmsilçisi olmaqla, 60 zəka sahibinin mübarizə apardığı A qrupunda hesabat turu 14 şahmatçımız qələbə ilə bitirib. Ən maraqlısı odur ki, iki turdan sonra hərəyə iki xal toplayan Murad İbrahimli, Məhəmməd Muradlı və Misrətdin İsgəndərov triosu yarış cədvəlində ilk üçlüyü bölüşür.
Yeri gəlmişkən, reytinq göstəricisinə görə ikinci olan şahmatçımız Nicat Abbasov isə hazırda 1,5 xalla 16-ci pillədə yer alıb.
İNTİQAM Məmmədov


