Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Elcan Hacıyev Düşənbədə Azərbaycan finalının qalibi olub

Tacikistanın paytaxtı Düşənbədə böyüklər arasında cüdo üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi reytinq xarakterli Böyük Dəbilqə turniri başa çatıb. Turnirin bazar gününə təsadüf edən son günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, son gündə tatamiyə çıxan 4 təmsilçimizdən üçü uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Biri isə çıxışını medalın bir addımlığında başa vurub.

Son günün ən maraqlı məqamı 90 kq çəki dərəcəsində Azərbaycan finalının baş tutması olub. Bu çəkidə çempionluq uğrunda final görüşündə yığmamızın üzvləri Elcan Hacıyev və Vüqar Talıbov qarşılaşıb. Düşənbədə baş tutan bu Azərbaycan finalı Hacıyevin qələbəsi və qızıl medal qazanması ilə bitib. Finalda onun üstələdiyi öz komanda yoldaşı Vüqar Talıbovsa ikinci yeri tutmaqla gümüş medalla kifayətlənib.

Son günün daha bir medalı isə Camal Qəmzatxanovun (+100 kq) payına düşüb. Həlledici finalda ev sahibinə məğlub olan Qamzatxanov ikinci yeri tutmaqla gümüş medala layiq görülüb. Təəssüflər olsun ki, bu çəkidə tatamiyə çıxan digər təmsilçimiz Kənan Nəsibovsa bürünc medal uğrunda görüşdə uduzub. 

Yeri gəlmişkən, turnirin ilk günündə isə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb. Beləliklə, Azərbaycan komandası 4 (2-2-0) medalla yalnız ev sahibi Tacikistandan (4-3-2) geri qalmaqla komanda hesabında ikinci yeri tutub.

Qeyd: Turnirdə hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılar müvafiq olaraq aktivlərinə 1000, 700 və 500 reytinq xalı yazdırıblar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin