Məmməd Əvəzoğlu:
Övlad həsrətiylə yaşayan qadın
Hər körpə uşağa sığal çəkərdin,
Arzulu qəlbinə ümüd əkərdin,
Xəyal balalara paltar tikərdin,
Dadını bilmədin doğma övladın,
Körpə həsrətiylə yaşayan qadın.
Məhəbbət görmədin dünya varında,
Varını yaşatdın arzularında,
Gündə neçə kərə xəyallarında,
Oğluna, qızına ad da aradın,
Övlad həsrətiylə yaşayan qadın.
Qərib tək boylandın o yan-bu yana,
Soyuq sifətlərdən gəlmisən cana!
İnsanlar cürbəcür olur, ay ana!
Tənəli baxışın çox gördün yadın.
Övlad ümüdüylə yaşayan qadın.
Ana var həsrətdir bircə övlada!
Nadan var körpəsin tez verər bada!
Qısa ömür sürdün sonsuz dünyada,
Sonsuz kəlməsinə yük oldu adın,
Övlad həsrətiylə yaşayan qadın.
Məmməd Əvəzoğlu


