Pakistan Müdafiə Nazirliyi hərbi əməliyyatların dayandırılması üçün şərtləri açıqlayıb
Pakistanın müdafiə naziri Xavaca Asif Hindistan əməliyyatının dayandırılması şərti ilə ölkənin hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.
"Hindistan geri çəkilərsə, biz mütləq hərbi əməliyyatlarımızı azaldacağıq. Amma nə qədər ki, bizə hücum edilir, cavab verməli, özümüzü müdafiə etməli olacağıq", - Asif vurğulayıb.
Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tarar səhər brifinqində Hindistanın hücumuna ölkənin cavabının “uyğun və əhatəli” olduğunu bildirib. Onun sözlərinə görə, Pakistan ordusunun hədəfləri yalnız hərbi obyektlər və Pakistana qarşı əməliyyatda birbaşa iştirak edən Hindistan təyyarələri olub.
Hindistan Pakistanın infrastrukturunu hədəf alan Sindoor əməliyyatına başlayıb. Kotli, Bəhvalpur və Müzəffərabadda ümumilikdə 9 obyektə hücum edilib. Pakistan buna cavab olaraq iki Hindistan qırıcısını vurduğunu və Hindistandakı hədəflərə cavab zərbələri endirdiyini iddia edib.
Pakistanın Müdafiə Nazirliyi Hindistanın hücumu nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin yaralandığını, iki məscidin vurulduğunu bildirib.
Öz növbəsində Hindistan Müdafiə Nazirliyi Sindoor əməliyyatının həyata keçirilməsini Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab kimi izah edib. Qeyd olunur ki, zərbələrin hədəfi terrorçu qrupların bazaları olub.
BMT hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb, münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.


