Hümbət Həsənoğlu:
Fərqli görünmək istəyi
(müşahidəm)
İki gün qabaq bir toplantı qabağı, foyedə, bir qrup tanışımla söhbətləşirdik. Adətən, qulaq asmağa üstünlük verən insanam. Söhbət əsnasında deyilən bir fikrə arqumentlərlə münasibət bildirdim.
Hamı razılaşdı, bir tanışım mənimlə razılaşmadı və mətləbə aidiyyatı olmayan fikir bildirdi.
Mən onun bu reaksiyasının üstündən sükutla keçdim. Toplantı zalına keçmək vaxtı çatanda mən də camaata qoşulub zal istiqamətində getdim. Bu vaxt bayaq fikrimə etiraz edən tanışım qoluma girib qulağıma pıçıldadı; qardaş, mən səninlə razı idim ee, gördüm ki, hamı səni dəstəklədi, dedim qoy mən başqa fikir söyləyim…
Üzümdəki acı təbəssümü ümid edirəm ki, orada heç kim sezmədi.
Feysbukda da belə insanlarla rastlaşıram.
Statusumdakı fikir qalır qıraqda, biri, hansısa mücərrəd, stereotip, bəsit fikirləri böyük kəşfi kimi ortaya qoyur.
Belə olan hallarda, adətən, cavab yazmıram( nə yazasan ki?), bir laykla situasiyanı yola verirəm.
Həkim kimi başa düşürəm ki, bu hallar Herostrat simptomunun kiçik əlamətidir və insanın fərqli görünmək istəyindən doğur.
Vurğulayım ki, fərqli olmağa çalışmaq gözəl istəkdir, insanların öz individuallıqlarını nümayiş etdirmək istəyi təqdirə layiqdir. Mən insanların hər vəclə, haqlı olub, olmamaqlarından asılı olmayaraq fərqli görünmək istəyindən bəhs edirəm.
Haqlı olub, olmamaq bu insanlar üçün əsas deyil, əsas hamının gözündə fərqli, xüsusi görünməkdir.
Mənə sual versəniz ki, paxıllıqdan da doğa bilirmi belə hallar? Cavab verərdim ki, belə insanlar üçün istisnalar olmur, hər şey mümkündür…
Hümbət Həsənoğlu


