"Sabah"la "Araz-Naxçıvan" Avrokubokda mərhələ adlayıb
İyulun 31-də futbol üzrə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Həmin gün bu turnirdə ölkəmizi təmsil edən üç klub cavab matçına çıxıb. Triomuzdan ikisi - "Sabah" və "Araz-Naxcivan" klubu iki oyunun ümumi nəticəsinə görə qalib gələrək üçüncü mərhələyə adlayıb. Troya daxil olan klublarımızdan yalnız "Zirə" mübarizəni dayandırıb.
Xatırladaq ki, ikinci mərhələdə Moldovanın "Petrokub"u ilə qarşılaşan "Sabah" səfərdə rəqibini 2:0, evdə isə 4:1 hesabla məğlub edərək adını üçüncü mərhələyə yazdırıb. Mərhələ aşan digər klubumuz - "Araz-Naxcivan" isə Kiprin "Aris" klubundan üstün olmaqla mərhələ keçib. Evdə təqibini 2:1 hesabla məğlub edən Naxçıvan təmsilçisi səfərdə keçirdiyi cavab matçında isə rəqiblə sülh bağlayıb - 2:2.
Təəssüflər olsun ki, trioda yer alan "Zirə" bu cütlüyün uğurunu təkrar edə bilməyib. Doğma divarlar arasında "Hayduk"la (Xorvatiya) heç-heçə (1:1) oynayan "Zirə" səfərdə keçirdiyi cavab matçında məğlubiyyətdən yaxa qurtara bilməyib - 1:2.
Artıq mərhələ aşan hər iki klubumuzun növbəti rəqibi və oyunların keçiriləcəyi vaxt da bəllidir.
"Sabah" üçüncü mərhələdə "Levski" (Bolqarıstan), "Araz-Naxcivan" isə "Omonioy"la (Kipr) qarşılaşacaq. Oyunlar 7 və 14 avqust günlərində keçiriləcək.
İNTİQAM Məmmədov


