Məmməd Əvəzoğlu:
Ağacdələn, döy qapımı, döy görüm
O qapını acı bir xəbər döydü- şair Məmməd İsmayıl artıq həyatda yoxdur. Allah gözəl şairimizə rəhmət eləsin.O Xalq şairi olmasa da, öz xalqının şairi idi. Həmişə onun adı gələndə unudulmaz bir xatirə yadıma düşür.
Tələbə vaxtlarımız idi. Görüşümüzə şairlər, müğənnilər gələrdilər. Təxminən 1982, ya da 83-cü il idi. Dedilər ki, Xəlil Rza Ulutürk gəlib. Mən də böyük muhazirə otağının bir küncündə oturdum ki, müəllimlərimiz məni görməsinlər.Qapı açıldı, Xəlil Rza ilə Məmməd İsmayıl alqışlarla otağa daxil olub yuxarı başda oturdular. Şairlər sözə başladılar. Xəlil Rzanın alovlu səsi lap adamın ürəyini deşib keçirdi.Çox maraqlı bir poeziya məclisi idi.
Bir estetika müəllimimiz var idi. Çox həlim kişi idi.Heyif ki, adı yadımda deyil. Elə bir dərs olmazdı ki, mənə şeir oxutdurmasın. O da məclisdə idi. Onu görən kimi canıma üşütmə düşdü. Bilirdim ki, məni görsə meydana çağıracaq. Gözləri ilə məclisə boylanırdı. Birdən qorxduğum sözləri onun ağzından eşitdim:
- Xəlil müəllim, bizim də tələbə şairimiz var.İcazə versəydiz Məmməd Əvəzoğlu da bir şeir deyərdi.
Məni görmüşdü. Qaçmağa yerim yox idi. Həyəcan içində tribunaya çıxdım.Əlimi cibimə saldım, qoşa varağa yazdığım "Ana kəlməsi" şerimi üzündən oxudum.Tribunadan düşdüm, Xəlil Rzanın arxasından keçəndə şair, şeir dediyi səslə ucadan dedi:
- Sən necə şairsən ki, öz şeirini dəftərdən oxuyursan!?
Həyəcandan Məmməd İsmayılın sol tərəfində quruyub qalmışdım. Məmməd İsmayıl sağ qolumdan tutdu və sakit, amma hamının eşidə biləcəyi səslə dedi:
- Məmməd, qəm eləmə.Məmmədlərin hamısı yaxşı yazır.Amma nə edək ki, Allah onlara belə (əlini Xəlil Rzaya tərəf uzatdı) yaddaş verməyib.
Bu sözlər məni bir az ruhlandırdı və mənə casarət verdi. Həmin gün şeir "duelimiz" davam etdi. Xəlil Rzanın özünə məxsus qəzəblə dediyi bu sözlər heç yadımdan çıxmır:
- Bu Məmməd Əvəzoluna, dünənki uşağa baxın! Mənim qabağımda məhəbbətdən şeir oxuyur! Elə bilir ki, mən Xəlil Rza məhəbbətdən yazmamışam...
Allah xalqımızın gözəl şairlərinə rəhmət eləsin.Qəbirləri nurla dolsun.
PS.Məmməd İsmayıl Rumıniyada olanda eşitdim ki, onu Nobel Mükafatına namizəd göstəriblər. Çox sevindim və yuxarıda yazdıqlarım da daxil olmaqla ona təbrik məktubu yazdım.
Məmməd Əvəzoğlu.19.08.2025.


