Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Nəriman Qasımoğlunun Qasım Qasımzadə və Aşıq Ədalətlə bağlı xatirələri

Qasım Qasımzadənin ötən əsrin 60-cı illərində saz ustası Aşıq Ədalətin ifasından şövqə gəlib ona həsr etdiyi şeirdir. Sonralar Ədaləti ekranda görüb dinləyəndə dilxor olurdu ki, axı bunun sazı sədəfsiz idi, nəyinə lazım idi sazını yaraşığa mindirib sədəfləsin...

USTADIN KİMDİR

Aşıq Ədalətə

Məclis böyük, təntənəli,

Aşıq sadə, saz bəzəksiz,

Zillənibdir gözlər ona.

Titrək-titrək qalxdı əli,

İlk guşəsi, xalı təmiz,

Tellər dindi yana-yana.

Sazlı-sözlü babaların,

Qılınc tutan nəsillərin

Ruhu gəzdi bu məclisi,

İgidliyin, düz ilqarın

Mənasından şirin-şirin

Halı etdi o saz bizi.

 

Bu məclisə gələn gördük

Qurbanini, Ələsgəri,

Gözlərindən gülən gördük

Yaşmaq tutan gözəlləri.

 

Bir dost kimi candan, qəlbdən

Saz sirrini bizə dedi,

Tənəyə də hədəf oldu.

Bəlkə elə bu səbəbdən

Əllər onu döyəclədi –

O gah çılğın bir dəf oldu,

Gah tar oldu, gah kamança;

Gah da neyin dodağını

Yada salıb hey ağladı...

Gah da atəş aça-aça

Bir qoşunun qabağını

Aynalıtək o, saxladı.

 

O əfsuna sən daldıqca

Düşünürsən, bu avazda

Yüz sənətin hikməti var.

Şövqə gəlib o çaldıqca

Deyirsən ki, bu tək sazda

Bir orkestr qüdrəti var!

 

Gah müdrik bir qoca kimi

Gedib dərin bir xəyala

Ümmanlara daldı-daldı...

Gah Abbası, gah Dilqəmi,

Koroğlunu qala-qala,

Gəzdi, gəzdi... çaldı, çaldı...

 

Başlayanda saz oynağa

Qönçələrdən o, elə bil

Əlvan xalı toxuyurdu.

Səs qalxdıqca dalğa-dalğa

Sanki dinən o saz deyil,

Aşıq Mirzə oxuyurdu.

Sehrlədi o saz bizi –

Dəyişildi məclis birdən,

Xanəndələr gəldi dilə.

Coşdu duyğular dənizi,

Baş açmadım heç bu sirdən,

Görməmişdim sazı belə.

 

Qulaq verdi, baxdı hamı

Bu çalğıya heyran-heyran.

Saz şaqradı tuti təki,

Aydın idi hər kəlamı,

Danışırdı: “Dost-mehriban

Ya bir olar, ya da iki...”

Sonra səpdi “Lalələr”i

Məclis boyu ləçək-ləçək,

Al boyandı Gəncə düzü.

Bülbül olub nalələri

Yaydı bağa çiçək-çiçək,

Düzdü sapa o hər sözü,

“Yenə qonub şah budağa

Nə sızlarsan belə, bülbül?”

Güllər ətir qoxuyurdu.

Əhsən, alqış yağa-yağa

Sanki burda o saz deyil,

Şövkət, Zeynəb oxuyurdu.

 

Saz söz qoyub Ədalətlə

Faş elədi neçə-neçə

Leyli-Məcnun fəryadını.

Danışdırdı məhəbbətlə,

Ləyaqətlə seçə-seçə

Əsrimizin Fərhadını!

 

Asta-asta, narın-narın

Aşıq sazı, saz aşığı

Coşdururdu, daşdırırdı,

Məharətli sənətkarın

Söhbət edən hər barmağı

Baxışları çaşdırırdı.

Endirəndə sazı hərdən

Mizrablı əl dincəlirdi.

Pərdələri gəzən əldən

Qaibanə səs gəlirdi...

 

Bərbəzəkli neçə sazın,

O çaldıqca, batdı səsi,

Sədəflərin hüsnü soldu.

Sadə saza – o avazın

Hər cəh-cəhi, hər guşəsi,

Hər xalı bir sədəf oldu!

Süzüb keçdi o səhnəni,

Dəsgahını vurdu sona

Alqışların şəlaləsi.

Görməsə da səni, məni

Mavi ekran verdi ona

Qucaq-qucaq el töhfəsi.

 

Saz sussa da ürəklərdə

Davam etdi bu təranə.

Səs ucaldı pərdə-pərdə:

– Qayıt yenə, qayıt yenə!

 

Sazı ilə o sənətkar

Bu alqışı alqışladı

Yorulmadan, usanmadan.

Heyran qalıb soruşdular:

– Ustadının nədir adı?

Cavab verdi:

– Azərbaycan!

Best coffeeshop in Berlin