Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:

Rafiq ODAY: 

OYNAYIRDI

Bir qolundakı fiziki qüsura görə heç vaxt oynamayan və ilk dəfə oynamağa məcbur edilən gözəl-göyçək bir xanımı müşahidə edərkən

Elə bil duz yüküydü çiynində gəzdirirdi,

Bir iman, minbir güman beynində gəzdirirdi,

Sanki yad libasıydı əynində gəzdirirdi,

Bir əlindən xəbərsiz bir əli oynayırdı.

 

Əsmər gördüyüm qızın bənizi ağarmışdı,

Dünyanın Qara adlı dənizi ağarmışdı,

Saçlarında yox idi dən izi – ağarmışdı,

Bir çiynini vermişdi irəli, oynayırdı.

 

Ürkək-ürkək sağına, soluna boylanırdı,

Hərdən dönüb gəldiyi yoluna boylanırdı,

Hərdən də oğrun-oğrun qoluna boylanırdı,

Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

 

Neçə dərdi, sitəmi düzür cana tərpədir,

Baxan deyir özünü ağayana tərpədir,

Bilmirdi ki, əlini hansı yana tərpədir,

Sanki öz əli deyil, yad əli oynadırdı.

Best coffeeshop in Berlin