Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Qocalıq dərdi ( Birqafiyə)

Sən də bir gün qocalarsan, yad olar doğmaların,

Gedəcək səndən əzəl, gözləyəcək orda qarın,

Yorularsan yaşamaqdan, tükənər ixtiyarın,

Boğazında şişəcək tıxdığın hər zəhrimarın,

Ən yaxın doğmalara yetməyəcək ahuzarın,

Sənə zindan kəsilər cənnətə bənzər diyarın,

Canına həmdəm olar xanədəki dörd divarın,

İstəyərsən dadasan meyvələrin ilk nübarın,

Dişinə batmayacaq bəslədiyin heyva-narın,

Solacaq şaxta vuran qönçə kimi arzuların,

Gözün də fərqini bilməz yoxuş ilə hamarın,

Tellərin özləyəcək hər gecə yarın tumarın,

İtirərsən həyatın andıra qalmış açarın,

Olacaq xam xəyalın hər gecə nazlı-nigarın,

Qocalıq dərdinə həmdərd olacaq ruzigarın,

Xeyru-şər məclisinə bir daha düşməz güzarın,

İtirər əl ağacın sahibinə etibarın,

Olacaq fəsli-xəzan həm payızın,həm baharın,

Gözü yollarda qalar sən kimi könlü-qübarın,

Yetər hərdən karına yalqız olan aşnaların,

Gecələr pəncərədə bayquş olar nəğməkarın,

Deyəcək bəlkə o da: Ay dədə, hazır məzarın!

Qoyacaq mövti-mələk fətvasına dərkənarın,

Gözlərin yol çəkəcək,bitməyəcək intizarın,

Sən ölərsən, yetişər məclisinə yadigarın,

Düşəcək dava-dalaş, varsa əgər azca varın,

Ölü yaddan çıxacaq, hökm edəcək evdə qarın,

Yeyəcək bozbaşını arzu çəkən mollaların,

Üç günə xətm olunar, bağlanar artıq bazarın,

Qara-ağ daşlar olar orda təzə qonşuların...

Nə üçün kürkünə düşmüş birə sən tək yazarın?

Ey Məhəmməd, yaz hələ,yazmaq olubdur azarın,

Qocalıq vahiməsin dəf edəcək dağ vüqarın!

Məmməd Əvəzoğlu

Best coffeeshop in Berlin