(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Kərim Kərimli:
Yaraşmaram
Gözəllikdən zövq alıram,
Gözəlliksiz yaşamaram.
Ürəyimə dəysə biri,
Bu təhqiri daşımaram.
Hər çiçəyin öz ətri var,
Tər çiçəyin öz xətri var.
Hər şairin öz sətri var,
Özgəsinə oxşamaram.
Budur mənim xasiyyətim,
Buludludu gah xislətim,
Gah bahardı təbiətim,
Yad xislətə alışmaram.
Mən də bu cür yaranmışam,
Gah gülmüşəm, ağlamışam.
Nə itirib-qazanmışam,
Bundan hələ baş açmıram.
Bircə onu deyim ki nən,
Hökm gəlir ürəyimdən.
O ürəyə yalan desəm,
O ürəyə yaraşmaram.
1984,
Kəlbəcər, Qalaboynu yaylağı.
P.S. Ukraynadan yay tətilinə gələndə gördüm ki, atamgil Kəlbəcərə yaylağa gediblər. Mən də getdim onların yanına. Düzdür, doya bilmədim (yaxşı ki, ona qədər də, ondan sonra da Kəlbəcərə getmək qismətim olub, ancaq təəssüf ki, işğaldn azad olandan bəri nə illah eləsəm də hələ gedə bilməmişəm), amma heç vaxt yadımdan çıxmayan çox gözəl günlər yaşadım.
Bu şeir həmin vaxt o gözəlliklər diyarında yazılıb və sonralar da əl gəzdirilməyib.)
P.S. Şəkil 2018-ci ildə Kəpəzdə çəkilib.
(Kərim Kərimli. "Şuşalı, Şuşasız günlərim...", Bakı – 1996, səh. 35)


