Müslüm Maqomayev-140
ÖLMƏZ BƏSTƏKARIN MUSİQİLİ RUHSAL DÜNYASINA SƏYAHƏT
Müslüm Maqomayev! Bu adın zirvəsində böyük insani dəyərlər, eyni zamanda qısa ömür çərçivəsinə dünyaları belə sığışdıra biləcək bir sənətkar ömrünün əbədi nəğmələri dayanır. Onun həyəcan və narahatçılıq içində keçən qısa sənətkar ömrü daxili, mənəvi sarsıntılarla dolu olmuşdur. Tale onu dəfələrlə ağır sınaqlarla üzləşdirmişdir. Səhhətinin imkan vermədiyi məqamlarda belə, o, böyük əzm və iradə nümayiş etdirərək sevə-sevə yaratdığı musiqi əsərləri ilə Azərbaycan mədəniyyətinin tərəqqisinə töhfələrini əsirgəməmişdir.
Belə ki, işıqlı gələcək naminə fədakarcasına çalışmaq onun həyat və fəaliyyətinin başlıca meyarı olmuşdur.
Azərbaycan milli musiqi sənətinin qurucularından biri, bəstəkar, dirijor, pedaqoq, ən əsası isə xalqının sevimli zəhmətkeş sənətkarı - əsl insan! Öz doğma xalqının gələcək rifahını və çoxəsrlik mədəniyyətinin inkişafını düşünən, eyni zamanda ecazkar musiqisi ilə ona dəyərli töhfələr bəxş edən Əməkdar İncəsənət Xadimi, dahi şəxsiyyət, musiqi sənətimizin fədakar nümayəndəsi Müslüm bəy Maqomayev!
Əslən Qaxın İlisu kəndindən olan Müslüm Maqomayev (Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev) 1885-ci il sentyabrın 18-də Çeçenistanın Qroznı şəhərində dünyaya gəlmişdir. Müslüm bəyin atası Məhəmməd kişi sadə, zəhmətkeş bir dəmirçi idi. Taleyin qəribə gərdişi onu Vətəndən uzaqlara – Qroznı şəhərinə gətirmiş və burada çeçen qızı Səkibət xanımla ailə həyatı qurmuşdur. Müslümün dəmirçi ailəsində dünyaya gəlməsinə baxmayaraq, bu ailənin musiqiyə böyük marağı var idi. Hələ körpə yaşlarından sanki musiqi onun emosional ruhunun mənəvi qidasına çevrilmişdi. Maqomayev göz açdığı Qroznı şəhər məktəbində təhsil alarkən, burada skripka çalmağı da həvəslə öyrənir və məktəbin bir sıra tədbirlərində fəal iştirak edirdi. Balaca Müslüm isə nə biləydi ki, onu qarşıda müvəffəqiyyətlə dolu, işıqlı və parlaq bir gələcək gözləyir.
Müslüm Qroznı şəhər məktəbini bitirdikdən sonra, 1900 – cü ildə təhsilini davam etdirmək üçün Gürcüstana – o dövrdə Qafqazın ziya ocağı sayılan Qori Müəllimlər Seminariyasına yollanır. Qısa zamanda tələbə və müəllimlər arasında rəğbət və hörmət qazanır.
O, Qori Müəllimlər Seminariyasında təhsil alarkən, gələcəyin dahi bəstəkarı, musiqimizin banisi və nəhəng siması sayılacaq müdrik şəxsiyyət Üzeyir bəy Hacıbəyli ilə tanış olur. Hər iki həmkarın isti və səmimi sənət söhbətləri çox keçmədən əbədi dostluğa çevrilir.
Müslüm bəylə Üzeyir bəyin qırılmaz dostluğunun təməli demək olar ki, Qori Müəllimlər Seminariyasında bəhrəli təhsil illərində qoyulmuşdur. 1919-cu ilə qədər fəaliyyət göstərən Qori Müəllimlər Seminariyası, bir çox sənətkar kimi, hər iki sənətkarın həyat səhifəsində də silinməz izlər buraxmışdır. Elə bu illərdən başlayaraq Azərbaycan musiqi tarixində Müslüm bəylə Üzeyir bəyin adı dəfələrlə qoşa çəkilir.
Müslüm Maqomayev 1904-cü ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra müəllimlik şəhadətnaməsi alır və təyinatla Vladiqafqazın ucqar dağ kəndlərindən biri olan Bekoviçə yollanır. Burada bir il müəllimlik fəaliyyəti göstərir. 1905-ci ildə vətənə qayıdır. O, 1911-ci ilədək Lənkəranda müəllim işləyir. Sonralar isə bu şərəfli peşəni Bakıda davam etdirir.
Müslüm bəy 1912-ci ildən sevdiyi peşəyə — opera dirijorluğuna başlayır və uzun illər Azərbaycan musiqili teatr səhnəsində peşəkar dirijor kimi fəaliyyət göstərir. Konsertlərdə və tamaşalarda onun sehrli dirijor çubuğu canlı orkestri böyük həvəslə idarə edir və bir çox klassik musiqi əsərlərinin yeni üslubda səslənməsinə yönəldir. Bu böyük sənət fədaisinin opera yaradıcılığında ilk səhifə 1916-cı ildən açılmağa başlayır. O, məşhur “Şah İsmayıl” xalq dastanı əsasında özünün eyniadlı ilk operasını yaradır. Opera adından da göründüyü kimi, Şərqin əfsanəvi, qeyrətli sərkərdəsi Şah İsmayıla həsr edilmişdir. Operanın librettosu şair və müəllim—sonralar Azərbaycanın görkəmli ədibi kimi tanınacaq Mikayıl Müşfiqin atası—Mirzə Əbdülqədir Vüsaqiyə həvalə edilmişdir. Lakin “Şah İsmayıl” operasının ilk səhnə təcəssümü bir qədər ləngiyir.
Müəyyən müddətdən sonra, 1919-cu ildə “Şah İsmayıl” musiqili teatr səhnəsinə ilk qədəmini qoymağa hazırlaşarkən, əsərin quruluşu üçün təyin edilmiş istedadlı rejissor Hüseyn Ərəblinski (Hüseynbala Xələfov), faciəvi və müəmmalı şəkildə anidən qətlə yetirilir. Beləliklə, istedadlı rejissorun qəfil və müəmmalı ölümü “Şah İsmayıl”ın uğursuzluğuna səbəb olur.
Növbəti addımda, premyeranın baş tutacağı məqamda Tağıyev teatrı od tutaraq yanır. Maqomayev bəlkə də bütün bu olanlara görə dərin kədər duyur, hətta özünü bəxtsiz sayır, lakin sabaha olan ümidini itirmir və işıqlı gələcəyə inamla baxır. O, yaradıcılığının şedevri sayılan “Şah İsmayıl”ın nə zamansa böyük səhnələrə çıxacağına, şöhrətinin uca zirvələri fəth edəcəyinə sonsuz ümid bəsləyir.
Nəhayət, gözlənilən gün yetişir. “Şah İsmayıl” operası ilk dəfə səhnə üzü görür. Bənzərsiz və təkrarsız opera artisti, geniş səs diapazonuna malik xanəndə Hüseynqulu Sarabski “Şah İsmayıl” obrazında səhnəyə çıxır. Aktyorun mahir ifası tamaşaçılar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanır. Qədim Şərq mənəviyyatını özündə əks etdirən bu musiqi əsərinin dili və tərtibatı da Şərq motivlərinə əsaslanır. Operanın ərsəyə gəlməsində əsasən milli muğamlardan yararlanan bəstəkar Müslüm Maqomayev, həmçinin vokal musiqisinin təsiri ilə həzin və ahəngdar melodiyalar yaratmışdır. Odur ki, əsərdə Şah İsmayıl obrazının səciyyəvi xüsusiyyətləri əsasən simfonik musiqinin dili ilə xarakterizə olunur.
Bu illər ərzində Müslüm bəy yaxın məsləkdaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Ər və Arvad”, “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi opera və operettalarına dirijorluq edərək ehtiramla alqışlanırdı. O, ömrünün sonunadək dirijor çubuğunu əlindən yerə qoymadı. Taleyin üz verdiyi bütün çətinliklərə rəğmən, bəstəkarın dirijor çubuğu sənət yollarında onunla birgə addımlayaraq yeni-yeni musiqi əsərlərinə bələdçilik göstərirdi.
Müslüm Maqomayev sənət yolunda sabaha doğru addımlayarkən çoxsaylı maddi və mənəvi çətinliklərlə üzləşsə də, tale bu sınaqların müqabilində ona dəfələrlə uğur payı bəxş etmişdi. Bəstəkarın sənəti nəğmə dənizində çoxlu tufanlı dalğalarla qarşılaşsa da, nəhayət, bu dalğalar onu öz ağuşuna alaraq müvəffəqiyyət sahilinə çatdırmışdı. Bəstəkarın taleyinə qarşıdan gələcək bəhrəli illər hələ özünü göstərməkdə idi…
Müslüm Maqomayev 1924-cü ildə Azərbaycan Böyük Dövlət Opera Teatrına (indiki Opera və Balet Teatrı) direktor vəzifəsinə təyin edilir. 1927-ci ildə məslək dostu Üzeyir bəylə birlikdə xalq mahnılarından ibarət “Azərbaycan Türk el nəğmələri” məcmuəsini yaradırlar. Bu məcmuə həm hər iki bəstəkarın Azərbaycan sənətşünaslığına, həm də musiqi elminə verdiyi dəyərli töhfə hesab edilir.
Müslüm Maqomayev 1929-cu ildən 1933-cü ilədək Bakı Radio Mərkəzində musiqi rəhbəri vəzifəsində çalışmışdır. Bu illərdə radio dalğalarında hər gün səslənən məşhur “Radio marşı”nı yazmışdır. Müslüm bəy radioda işlədiyi müddətdə dövrün tələbinə uyğun olaraq mahnı janrına da müraciət etmişdir.
Onun bəstələdiyi “Bahar” (1931), “Bizim kənd” (1932), “Tarla” (1933), “Mazut ordusu” (1933), “Aprel” (1933), “Kolxozçular marşı” (1933) və digər mahnılar yeni quruluşun carçısı idi. Maqomayev həmçinin rapsodiya, marş, rəqs və fantaziyaların, eləcə də bir çox simfonik pyeslərin müəllifidir. “Azərbaycan çöllərində”, “Dərviş”, “Şəlalə”, “Ceyran”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi” bəstəkarın məşhur simfonik əsərlərindəndir. Bundan əlavə, o, 300-dən artıq Azərbaycan xalq mahnılarını və rəqslərini nota salmışdır.
Müslüm Maqomayev yaradıcılığının şedevri sayılan məşhur “Şah İsmayıl” operasından sonra ikinci uğur qazandığı musiqili səhnə əsəri 1935-ci ildə Qərb üslubunda bəstələdiyi “Nərgiz” operasıdır. Bu operada “Şah İsmayıl”dan fərqli olaraq müasir mövzuya müraciət edilmişdir. Operada baş qəhrəman Nərgizin simasında yeni quruluşun tərənnümünə yer verilir. Belə ki, əsərin baş qəhrəmanları zülmə və istismara boyun əyməyən kəndli qızı Nərgiz və onun sevgilisi, çoban Əlyardır. Hər iki qəhrəmanın mübarizə və fədakarlığı, eləcə də əməyə və zəhmətə olan sonsuz rəğbəti əsərin leytmotividir. Opera məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin “Çobanlar” radiopyesinin süjeti əsasında yazılsa da, əsərdə Qərbin mənəvi dəyərlərinin abu-havası duyulur. Maraqlı məqam odur ki, əsərə quruluş verilərkən tamaşanın ilk premyerasında dirijorluq vəzifəsini məhz Müslüm Maqomayev özü icra etmişdir. “Nərgiz” operası ümumiyyətlə Azərbaycan musiqi mədəniyyətində səhnə təcəssümünü tapmış ilk avropasayağı opera hesab edilir.
Üzeyir bəyin 1936-cı ildə “Kommunist” qəzetində “Nərgiz” operası haqqında qələmə aldığı yazısında, sözügedən musiqi əsərinin elmi-nəzəri təhlilini apararkən dünya şöhrətli bəstəkar Qliyer Reynqoldun məşhur “Şahsənəm” operası ilə müqayisə edərək bildirir:
“Nərgiz” operası öz tematikası etibarilə birinci sovet operasıdır. Onun müəllifinin əsas və başlıca ləyaqəti də bundadır. Kompozitor Maqomayev orkestra rəvan və ahəngli səs verə bilmiş, solo və xor oxumalarını yaxşı ayırmışdır. Ayrı-ayrı tiplərin musiqi xarakteristikası müvəffəqiyyətlidir. Avropa musiqi yazısı texnikasının kompozitor tərəfindən ehtiyatla tətbiq olunduğunu da təqdir etmək lazımdır, çünki bəzi hallarda belə yazı öz yeniliyi və mürəkkəbliyi nəticəsində dinləyicilərimizə çata bilməz (məsələn, Qliyerin “Şah Sənəm” operasındakı Kvinto kimi.)
Təəssüf ki, Müslüm Maqomayev “Nərgiz” operasını sağlığında tamamlaya bilməmişdir. Operanın tamamlanması bəstəkar Qliyer Reynqold və maestro Niyaziya həvalə edilmişdir. Qeyd etmək lazımdır ki, “Şah İsmayıl” və “Nərgiz” operalarının səhnə ömrü Müslüm bəyin digər əsərlərinə nisbətən daha uzun olmuşdur.
Müslüm bəyin sənət dünyasında taleyinə uğur payı düşməyən, bəxti gətirməyən əsərləri də vardır: “Dəli Muxtar” baleti, “Xoruz bəy” musiqili komediyası, “İblis” operası. Təəssüflər olsun ki, bu əsərlər səhnə işığı görmədən unuduldu. Buna baxmayaraq, ömrünü Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı yolunda xərcləyən Müslüm Maqomayevin zəhməti, əməyi hədər getmədi. 1937-ci il iyulun 28-də Nalçikdə dünyasını dəyişən sənətkar, cəmi 52 il ömür sürməsinə baxmayaraq, xoşbəxt insanlardandır ki, taleyinə dahilik və ölməzlik payı düşmüş, tərəqqipərvər şəxsiyyət kimi xalqının qəlbində heykəlləşmişdir.
Azərbaycan musiqisinin sistemləşməsində, eləcə də Avropasayağı üslubda səslənib formalaşmasında Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də xidmətləri əvəzsizdir. Beləliklə, hər iki bəstəkarın yaradıcılıq prinsipi milli tərəqqi yolunda Qərb və Şərq musiqi ənənələrinin sintezindən doğaraq həyata vəsiqə qazanmışdır.
Müslüm Maqomayev sənəti, Müslüm Maqomayev məktəbi qərinədən-qərinəyə, əsrdən-əsrə keçərək gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır!
Sevinc ƏDALƏTQIZI


