Güləşçimiz Ülvi Qənizadə ikiqat dünya çempionudur
Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən dünya çempionatı (DÇ-2025) davam edir. Qeyd edək ki, mundialın 19 sentyabr gününə təsadüf edən 8-ci günü də Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün yunan-Roma güləşi üzrə yığma komandamızın daha iki üzvü inamla guləşərək medalcilar sırasında yer alıb. Qazanılan medallardan biri qızıl, digəri isə bürünc əyarlı olub. Qızıl medal 72 kq çəki dərəcələrində güləsən Ülvi Qənizadənin payına düşüb. Karyerasında ikinci dəfə mundialın finalına yüksələn güləşçimiz ötən il (DÇ-2024) qazandığı çempionluq titulunu qoruyub saxlayıb. Maraqlıdır ki, o, finalda köhnə rəqibi olan fransalı İbrahim Qanemə qalib gəlib - 4:2. Bununla da Qənizadə ikiqat dünya çempionu adını qazanıb. Maraqlıdır ki, güləşçimiz fransalı rəqibini daha bir dəfə Avropa çempionatında meyus edib.
Günün bürünc medalı isə 97 kq çəkidə güləşən təmsilçimiz Murad Əhmədiyevin aktivinə yazılıb. O, bürünc medal uğrunda kiçik finalda macarıstanlı Aleks Şokedən üstün olub - 5:5. Həmyerlimiz burada ilk xal prinsipi əsasında qalib gəlib. Yeri gəlmişkən, əvvəllər rəqiblər eyni xala malik olanda üstünlük son xal qazanan güləşçiyə verilirdi. Yeni qaydalara görə belə olan halda üstünlük ilk xal qazanan güləşçiyə verilir.
Beləliklə, bu medallardan sonra Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının aktivindəki medalların sayı 3-ə (1-0-2) çatıb.
Sentyabrın 20-də isə daha bir təmsilçimiz - Həsrət Cəfərov (67 kq) çempionluq uğrunda final görüşünə çıxacaq. Finala çıxmaqla ən azı mundialın gümüş medalını özünə təmin edən Cəfərov finalı da udaraq medalını qızıla çevirə bilər.
İNTİQAM Məmmədov


