Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rəşad Məcid:

Kitab seçərkən

Kitab seçərkən hər şeydən öncə diqqət yetirdiyim əsas nüanslardan biri müəllifin kimliyidir. XI Beynəlxalq Kitab Sərgisi də bu baxımdan istisna olmadı. “Altun Kitab” nəşriyyatının stendi önündən keçərkən, qaçaraq da olsa, kitablara, müəllif adlarına nəzər yetirdim. Arif Əliyevin imzası, onun “Sənət əbədidir, ömür amanat...” kitabı, təbii ki, dərhal diqqətimi cəkdi. Elə stendin önündə təsadüfən qarşılaşdığım professor Qulu Məhərrəmlidən soruşdum ki, Arif Əliyevin kitabı çıxıb? O da təsdiqlədi və dedi ki, pandemiyadan əvvəl çıxmışdı, qısa zamanda ardıcıl baş verən mürəkkəb hadisələr fonunda diqqətdən kənarda qaldı. Nəşriyyatın əməkdaşına yaxşı fəaliyyətlərinə görə tərif-təşəkkürümü çatdırıb kitabı aldım...

Arif Əliyevin Azərbaycan müstəqil mətbuatının təşkilatlanmasında, formalaşmasında böyük xidmətləri var. O, uzun illər bir neçə mətbu orqana, jurnalist təşkilatına rəhbərlik edib. Amma eyni zamanda fürsət taparaq, vaxt və zəhmət sərf edərək sanballı bədii-sənədli əsərlər yazıb. Onun “Yalama” sənədli povesti Azərbaycanın müstəqilliyiu ğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqında dəyərli yaradıcılıq işidir. Müəllif bu əsərdə tarixi faktlarla bədiiliyi qovuşdurub, bir çox toxunulmamış məqamları ustalıqla qələmə alıb. Zamanında çox böyük müsbət reaksiya doğuran bu əsərlə bağlı mən də öz xoş fikirlərimi bildirmişdim. Kitab, həqiqətən də, tariximizin qaranlıq bir səhifəsini aydınlatmaq baxımından çox maraq doğurmuşdu.

Arif Əliyevin hər adi mövzunu qələmə almayacağını bildiyim üçün “Sənət əbədidir, ömür amanat...” kitabının da mövzusunu, məzmununu tez öyrənmək arzusundaydım. Ona görə ilk fürsətdəcə oxumağa başladım. Bu bədii-sənədli povestdə ictimai-mədəni tariximizin maraqlı bir hadisəsi işıqlandırılıb: 1938-ci ilin 28 sentyabrında “Vaqif” pyesinin ictimai baxışı keçirilir və o baxışda respublika rəhbəri Mircəfər Bağırov da iştirak edir. Tamaşanın hazırlanması prosesi, bu ərəfədə gəzən şayiələr, müəllifin tarixi faktlardan istifadə edərək bədii təxəyyülün gücüylə yaratdığı həyəcan, hətta məhəbbət hekayəsi ustalıqla qələmə alınıb. Həmin məqamda ehtimallar dolaşır ki, baş rejissor Ədil İskəndərovla müəllif Səməd Vurğunun bu pyesdən sonra taleyi necə olacaq... Respublika rəhbərininbir qərarı ilə onların taleyi həll oluna bilərdi. Məhz bu tamaşanın ictimai baxışı ətrafında Arif Əliyev bədii təxəyyül vasitəsilə əsərin qəhrəmanlarının həyatı ilə bağlı maraqlı sujetlər qurur.

Təbii ki, həmin dövrü nəzərə alsaq, respublika rəhbərinin tamaşaya olan reaksiyası çox həyəcanlı bir məqamdır. Bunu müəllif ustalıqla təsvir edir: “Nəhayət, Bağırov əvvəlcə başını, sonra yavaş-yavaş əllərini qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən, ardınca balkondan alqışlar yüksəldi.

Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı. Aktyorlar - Ələsgər Ələkbərov, Fatma Qədri, Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı uşaq kimi atılıb-düşür, müəlliflə rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Ədil İskəndərov onların qolları arasından qurtarıb pərdənin önünə çıxdılar”.

Povest Ədil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə “Sənətkar və zaman” mövzusunda düşüncələr əsasında danışdığı xatirələrə nəzərən yazılıb. Eyni zamanda müəllif, Mehdixan Vəkilovun, İsmayıl Şıxlının, Süleyman Rüstəmin və Vidadi Babanlının da xatirələrindən istifadə edib.

Kitabda çox nadir fotoşəkillərdən istifadə olunub və müəllif bunun üçün də Teatr Muzeyinin, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib.

Əsər 2019-cu ildə nəşr olunsa da, yetərincə təbliğ edilməyib, diqqətdən kənarda qalıb. Amma hesab edirəm ki, Arif Əliyev çox yaxşı iş görüb, vaxtını lazımlı bir mövzuya həsr edib, maraqlı əsər yaradıb. Rövşən Almuradlını da bu xatirələrinə görə minnətdarlıq və hörmətlə yad etməliyik.

Arif Əliyev Azərbaycanın teatr tarixinin mühüm bir hadisəsini qələmə almaqla yanaşı, eyni zamanda həmin ictimai baxışdan sonra kommunist dövrünün və respublika rəhbərinin tələbinə uyğun olaraq məşhur əsərin finalının xoşbəxt sonluqla dəyişdirilməsini də qeyd edir, tamaşa ilə bağlı o vaxt “Kommunist” qəzetində çıxan resenziyalardan da sitatlar gətirir.

Arzu edirəm ki, Arif Əliyev yenə bu cür mövzulara vaxt ayıra bilsin, belə qeyri-adi əsərlərlə oxucuları, dostları daha tez-tez sevindirsin.

“Sənət əbədidir, ömür amanat...” kitabı diqqətəlayiq ictimai-mədəni hadisədir və bu əsər münasibətilə Arif Əliyevi bir daha ürəkdən təbrik edirəm!

Best coffeeshop in Berlin