AYNEL MƏŞƏDİYEVA:
LİDERLƏR ƏSRİNİN LİDERİ
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Əziz xatirəsi xalqımızın qəlbinə möhkəm həkk olunan, daim uca tutulan və minnətdarlıqla anılan ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı sərəncam millətimizin istəyini ifadə etməklə hər birimizi Heydər Əliyevin keçdiyi şərəfli yola, səmərəli fəaliyyətinə, gördüyü işlərin coğrafiyasına dərindən, əhatəli nüfuz etməyə çağırır.
Ölkəmizdə elə bir təşkilat yoxdur ki, orada ulu öndərin 100 illik yubileyi ilə əlaqədar onun xoş xatirəsi səmimiyyətlə, minnətdarlıqla anılmasın, elmi konfranslar, seminarlar, müxtəlif anım tədbirləri keçirilməsin. Bu onu göstərir ki, xalqımızın ümummilli lideri həyatımızın hər bir sahəsinin inkişafı üçün heç nəyi əsirgəməmiş, bütün istiqamətlərdə silinməz izlər qoymuşdur.
Bütün ömrünü öz Vətəninin tərəqqisinə, ölkəsinin inkişafına, millətinin, xalqının güzəranının yaxşılaşmasına, qurub-yaratmağa həsr etmiş görkəmli siyasi xadim, dərin zəkaya, heyranedici yaddaşa, mükəmməl biliyə malik, dünya ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmuş ümummilli lider Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi qədirbilənliklə yad edilir. Ona görə ki, Heydər Əliyev Vətənini, xalqını öz varlığı qədər sevən şəxsiyyətlərdən idi. O, istəyirdi ki, ölkəsinin hər bir vətəndaşı hərtərəfli inkişaf etmiş, dünyagörüşlü şəxs olsun. Bu baxımdan da o, insanların adi davranış qaydalarına riayət etmələrindən tutmuş, ədəbiyyatımızın, mədəniyyətimizin, ana dilimizin, tariximizin, milli musiqimizin incəliklərinə bələd olmalarınadək hər şeyi diqqət mərkəzində saxlayırdı.
Mən ulu öndərin ana dilimizin inkişafı, qorunub saxlanılması barədə qəbul etdiyi bəzi tarixi sənədləri diqqətə çatdırmaq istəyirəm. Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman, 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu tarixi sənədlərdir və hər bir azərbaycanlının stolüstü kitabına çevrilmişdir.
Əminliklə demək olar ki, Azərbaycan dili, məhz ulu öndər Heydər Əliyevin 1969-cu ildə siyasi rəhbərliyə gəlişindən sonra dövlət siyasətinə çevrilmişdir. Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək, onun mənşəyini, formalaşmasını, sabitləşməsini müəyyənləşdirmək ulu öndərimizin həyat amalı olmuşdur.
Heydər Əliyev Tanrının Azərbaycan xalqına bəxşişi idi. Həyatın, elmimizin, təhsilimizin, səhiyyəmizin mədəniyyətimizin ayrı-ayrı sahələrinə həsr olunmuş mötəbər tədbirlərdə onun çıxışlarına qulaq asanda elə qənaətə gəlirdin ki, o, məhz həmin sahənin görkəmli mütəxəssisidir. Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyətimizin, dilçiliyimizin və digər sahələrin korifeylərinin yaradıcılıqları, keçdikləri yol barədə danışarkən, bir daha əmin olurdun ki, o, dövlət başçısı olaraq fenomenal biliyə, dərin zəkaya, möhkəm yaddaşa malikdir.
Heydər Əliyev canlı salnamə idi. O, tarix yazırdı. Onun fəaliyyətini, keçdiyi yolu izləmək həmin dövrün tarixinə mükəmməl bələdçilik deməkdir. Biz Heydər Əliyev dühasının zənginliklərinə hələ əsrlərlə üz tutacaq, dəyərli fikirlərindən bəhrələnəcəyik.
Misilsiz söz ehtiyatına malik olan ümummilli liderimizin nitqi ahəngdarlığı ilə seçilirdi. Heydər Əliyevi dinləyən hər kəs onun dahiliyini hiss edirdi. Və əlbəttə, bu böyük insan haqqında gözəl təəssüratdan uzun müddət ayrıla bilmirdi.
Azərbaycanın qədim tarixə malik olduğunu sübut etmək, dövlətçiliyimizi möhkəmləndirmək, ölkəmizi dünyaya tanıtdırmaq işində, böyük milli quruculuq yolunda Heydər Əliyevin xidmətləri danılmazdır. O, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da müstəsna rol oynamışdır.
Bəli, siyasi liderliyə, milli sərkərdəliyə yüksələn, Azərbaycan xalqının gözü qarşısında piraniləşən və əbədiləşən ulu öndərimiz Heydər Əliyev mənəvi zənginliyi, fenomenal biliyi, əqidə saflığı, siyasi möhtəşəmliyi, şəxsiyyət bütövlüyü ilə XX əsr tariximizdə müstəsna yer tutmuşdur.
Ulu öndərimizin təkcə elm və təhsilimizin inkişafı, yaradıcı insanların səmərəli fəaliyyətinə nümunəvi şərait yaradılması istiqamətindəki xidmətlərini yada salmaq kifayətdir ki, onun öz xalqına dayaq olduğunu, dövlət başçısı kimi ölkəsinin bütün istiqamətlər üzrə tərəqqisinin təmin edilməsinə, necə deyərlər, işıq saçdığını görəsən.
Ulu öndər mahir siyasətçi, böyük azərbaycanlı, xalqının şəriksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Onun coşqun siyasi fəaliyyəti dünya siyasətçilərinə bir örnək idi. Bu səbəbdən də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib.
Bəli, Heydər Əliyev barəsində siyasət aləminin bütün zümrələrində xoş sözlər deyilmişdir və indi də söylənilir, ayrı-ayrı insanlar, dövlət xadimləri zaman-zaman öz fikirlərini bildirmişlər. Onlardan bir neçəsini diqqətə çatdırırıq...
Corc Buş, ABŞ-ın sabiq Prezidenti: “Heydər Əliyevin mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailliyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.”
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında tanınan və sevilən bir liderdir”.
Vladimir Putin, Rusiya Federasiyasının Prezidenti: “Mən Heydər Əlirza oğluna sadəcə münasibət bəsləmirdim, ona məhəbbət bəsləyirdim, ona məhəbbətlə yanaşırdım. Mübaliğəsiz deyə bilərəm ki, o, siyasət nəhəngidir”.
Eduard Şevardnadze, Gürcüstanın sabiq Prezidenti: “XX əsr liderlər əsridir. Heydər Əliyev XX əsrin lideridir”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaşatdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir”.
Ümummilli liderimiz Heydər Əliyevinsiyasi, quruculuq, idarəçilik fəaliyyəti barədə dünya siyasətçilərinin, dövlət başçılarının, tanınmış şəxsiyyətlərin deyimləri çoxdur. Və onların hər birində Heydər Əliyevin dahiliyi, XX əsrin lideri, görkəmli siyasətçi olması etiraf edilir. Bəli, Heydər Əliyev kursu mükəmməldir, yenilməzdir. Ulu öndərin bu mükəmməl kursu ümummilli liderimizin layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Bəli, yeni əsrin şanlı tarixini isə Heydər Əliyevin həm nəsil, həm siyasi kursunun ən layiqli davamçısı, xalqımızın sevimli oğlu möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev yazır. Özü də qızıl hərflərlə.
Ulu öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələlərdən ən mühümlərindən biri işğal olunmuş torpaqlarımızın erməni faşistlərinin tapdağından tam azad edilməsi idi. Böyük ruh yüksəkliyi ilə demək istəyirəm ki, ümummilli liderimizin xalqımıza əmanət etdiyi möhtərəm Prezidentimiz İlham Əliyev atasının ona göstərdiyi etimadı çox məharətlə doğruldur və bütün nəsihətlərini zaman-zaman ləyaqətlə həyata keçirməyə ciddi səy göstərir, bu missiyaya zəfərlə nail olur. Otuz il erməni vandallarının işğalı altında qalan ərazilərimiz artıq azad olunmuşdur. 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsi zamanı dövlət başçımız İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun şücaəti, xalqımızın monolit birliyi sayəsində cəmi 44 gündə Ermənistanın hərbi birləşmələri darmadağın edilərək müqəddəs torpaqlarımız nankor hayların caynağından qurtarılmış, şəhidlərimizin qisası alınmışdır. Hazırda Qarabağ torpaqlarımızda genişmiqyaslı möhtəşəm quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar.
Erməni vandallarının xarabalığa çevirdikləri kənd, rayon və şəhərlərimizdə minalardan təmizləmə işləri aparılaraq xariqələr yaradılır. Həmin şəhər, rayon və qəsəbələrimizdə “ağıllı kənd”lərin salınması, beynəlxalq hava limanlarının tikilməsi, bütün müasir standartlara uyğun magistralların çəkilməsi, mədəni, dini abidələrimizin bərpası, yeni müasir infrastrukturların qurulması ulu öndər Heydər Əliyevin vəsiyyətlərinin yerinə yetirilməsinə, onun ruhuna böyük ehtiram və sədaqətin nümunəsidir.
Mən, bu kiçik məqaləni Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunmasını müqəddəs məkanımız – Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edərkən söylədiyi fikirlərlə tamamlamaq istəyirəm: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Ulu öndərimizin ruhu şad olsun!
AYNEL MƏŞƏDİYEVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru, dosent
xalqqazeti.az
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.