Elman Eldaroğlu:
YARADICILIĞI İLƏ İSMİN YEDDİNCİ HALINA ÇEVRİLƏN ŞAİR...
Deyir ki,- “Mən özümü ədəbiyyatla, söz sənəti ilə bağlı olmayan, onun dışındakı adam kimi göz önünə gətirə bilmirəm. Həyat anlayışıma görə bu dünyada ədəbiyyatdan başqa hər nə varsa, gəldi-gedərdi. Bu, yalnız öz yazı-pozularımla deyil, dünyanın böyük ədəbiyyatına, ümumiyyətlə, ulu söz sənətinə bağlı bir düşüncədir. Ədəbiyyat - mənə görə hava, su, gün işığı, tarix, fəlsəfə, Vətən, türklük kimidir. Kökü və tarixi eyni olan möhtəşəm, imperator duruşlu, şahanə bir ədəbiyyatın övladlarıyıq. Bunu sizə qədim və çağdaş dünya ədəbiyyatını türk və rus dillərinin, eləcə də fərdi həvəsin verdiyi imkan daxilində nəzərdən keçirən həssas oxucu kimi deyirəm. Müqayisə edirəm və hər dəfə qürur hissi duyuram ki, biz bir millət kimi itib-batması heç mümkün olmayan belə bir varidata sahibik. Bəli, bu xəzinənin adı Türk xalqlarının ədəbiyyatıdır!..”
Uşaq vaxtı rəsm çəkməyə çox böyük həvəsi olub, əsasən yazıçıların- Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, hətta Leninin də rəsmlərini çəkib. Bir müddət sonra bu həvəs yaxaş-yavaş onu tərk edib. Anlayıb ki, rəsm çəkmək üçün adam gərək hansısa professional mühitdə yetişsin. Yaşadığı kənddə isə rəsm məktəbi olmayıb. 18 yaşına çatanda Bakıya üz tutub. Burada Azərbaycan Dövlət Universitetini bitirib. Bir neçə il “Sovet kəndi” qəzetində şöbə müdiri, daha sonra “Kommunist” qəzetində şöbə müdiri, “Odlar yurdu”, "Bərəkət" və “Həyat” qəzetlərində baş redaktor, “Yazıçı” nəşriyyatında redaktor, Gənclər və İdman Nazirliyində şöbə müdiri, “Ədalət” qəzetində baş redaktorunun birinci müavini, “XXI-gənclik dərgisi”ndə redaktor, “XXI- Yeni Nəşrlər evi”nin baş redaktoru, “Mars” dərgisi baş redaktorunun müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri, “Humanitar” qəzetində redaktor, "525-ci qəzet"də şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimidir. Onun Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, yeni ədəbi qüvvələrin üzə çıxarılmasında böyük əməyi olub. Əliyyə yaxın kitabın müəllifidir...
“Yaradıcılıq prosesində janrlar, formalar şərtidir, onlar ədəbiyyatın tarixi-ənənəvi inkişafı ilə əlaqədar meydana çıxan şəkillərdir. Həqiqi yazarlar şeirdən tutmuş romana, publisistikadan tutmuş dram əsərlərinə qədər hər istiqamətdə qələmlərini sınamış və uğur əldə etmişlərdir. Mən özümü onlarla müqayisə etmirəm; poetik əsərlər həcmində, bəlkə ondan da çox nəsr əsərləri - sənədli roman və povestlər yazmışam, ruscadan tərcümələr etmişəm. Onların hər biri mənə görə şeirlərim qədər əhəmiyyətlidir. Daha doğrusu, əhəmiyyətli olmuşdur. Çünki istər şeir olsun, istərsə də nəsr, yazıb bitirdiklərim, oxucuların ixtiyarına verdiyim əsərlər yurddan qanadlanıb tamam başqa bir məkanda yuva qurmuş övladlarım kimidir, onlar öz həyatını yaşayır, məni yaşadan isə düşüncəmdə olan, amma hələ yazmadıqlarımdı.”- söyləyir...
Sakit təbiətli, eyni zamanda coşqun adamdır. Çox danışmağı xoşlamır. Yazıb yaratmaqdan zövq alır. SÖZ onun üçün dünyanın ən qiymətli nəsnəsidir...
Deyir ki,- “Azərbaycan dilinin qrammatikasında ismin altı halı var, bunlar şəxsin və eləcə də əşyanın hal və hərəkət vəziyyətlərini bildirir. Məncə, yaradıcılığın heç bir məqamı bu altı hala sığmır. Yaradıcılıq ismin yeddinci halıdır. Bəli, yaradıcılıq təfəkkürün adi halı deyil. Bu, xüsusi bir bacarıqdır, biz onun adına istedad deyirik. Əvvəl də olduğu kimi, istedadın Allah vergisi olduğunu bir daha təsdiqləyirəm. Bunu da deyirəm ki, bəyənilən əsərlər yazmaq üçün yalnız istedad kifayət etmir. Çünki ən müxtəlif istiqamətlər üzrə istedad demək olar ki, insanların əksəriyyətində var. Əsas məsələ, necə ki, bir bulağın gözünü açarsan, yolunu təmizlərsən, həmin çeşmə daha gur axıb gedər, istedad da elədir. Ona bir başqası yox, sən özün yol açmalısan. Deməli, yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək lazımdı. Bunlar isə böyük zəhmət, sənətə sevgi, sözün və həyatın əzablarına qatlaşmaqla gerçəkləşir. Kamil olmayan insana necə yaxşı deyə bilərik? Nazim Hikmət söyləyir ki, əgər sən deyirsənsə, mən şairəm, deməli, sən deyirsən ki, mən yaxşı adamam! Nə yazırsan yaz, hansı işi görürsən gör, sənin yaratdığın o zaman gərəkli olur ki, başqalarının həyatına, ovqatına, düşüncəsinə işıq qatır...”
Onunla müsahib olmaq çox çətindir. Söhbətlərinin hərəsi bir fəlsfədir, bu onun həm də filosof olmasından irəli gəlir. İti zəkalı, dərin təfəkkürlü, aydın düşüncəli adamdır...
Bilirsiniz kimdən danışıram? 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olan, yaradıcılığı ilə ismin yeddinci halına çevrilən, şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyini İdarə Heyətinin üzvü Vaqif İttifaq oğlu Quliyevdən- sözsüz ki, Vaqif Bəhmənlidən. Bu gün onun 68 yaşı tamam olur. Mübarəkdir!
Çox yaşasın!
Elman Eldaroğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.