Faiq İsmayılov:
Gəncəsər monastrında törədilən erməni vandalizmi
Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastırının əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılmış, bütxana-ziyarətgaha çevrilmişdir. XIII əsrdən XIX əsrəcən Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olmuşdur.
1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ilə qədər Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.
Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən soraq verir.
Elxanilər dövrü memarlığı Azərbaycanın orta əsr memarlığının zirvəsi olduğu kimi, Gəncəsər monastırı bu ölkənin türk-xristian memarlığının şah əsəridir. Gəncəsər monastırı 1511-ci ildən Alban katolikoslarının iqamətgahı olub. 1836-cı ildə ermənilər Rusiya imperatorunun fərmanı ilə Alban katolikosluğunun ləğv edilməsinə və alban kilsələrinin Eçmiədzin katolikosluğuna tabe etdirilməsinə nail oldular. Sonra isə tarixi saxtalaşdıraraq alban dini abidələrini erməni dini abidələri kimi dünyaya təqdim etməyə başladılar. Gəncəsr Monastrının qara günləri də bundan sonra başladı.
Gəncəsər Monastrı Ermənistanın Silahlı Qüvvələrinin işğalı altında olduğu dövrdə abidə Ermənistan Dövlətinin müvafiq qurumları tərəfindən erməni Qriqoryan dininin Qarabağda mərkəzi kimi təbliğ olunmuşdur. Gəncəsər monastırı Ermənistan Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalmışdır:
⦁ 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər yetirilmişdir. Abidənin interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları və erməni dilində yazılar yerləşdirilmiş, bir çox ornamental nümunələr silinmişdir.
⦁ Monastırın həyətinə və Monastıra aid olan qəbristanlığa 2000-2013-cü illərdə 15-dən çox yeni qəbir və erməni xaçdaşları quraşdırılmışdır.
⦁ Monastıra aid olan qəbristanlığın bir hissəsi sökülərək, kilsə üçün yardımçı bina, digər bir hissəsi isə sökülərək, Monastrdan Vəng kəndinə şose yol çəkilmişdir.
⦁ Ermənilər, abidənin daxili interyerində, yəni daxili divarları üzərindəki yazılar və bədii nümunələr silərək qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzəməklə abidəyə əhəmiyyətli dərəcədə zərər veriblər.
⦁ Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını əvvəlcə sındırılmış, sinə daşı üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxu məhv edilmiş sonra sinə daşı betonlanaraq öz yerinə bərpa edilmişdir.
⦁ Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülmüşdür.
Ermənistan Respublikasının 168 HOURS Analitik İnformasiya Agentliyinin verdiyi məlumata görə, 24 iyun 2013-cü il tarixində Ermənistanın 350 nəfər tanınmış ziyalısı və görkəmli adamları tərəfindən, Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastır kompleksinin formasının dəyişdirilməsinə, etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyana , Qarabağdakı erməni icmasının rəhbəri, separatçı Bako Saakyana və Ümumerməni katalikosuna açıq məktub ünvanlayaraq hadisəni vandalizm aktı adlandırıblar.
Məktubda bildirilir ki, 2011-ci ilin yayında Rusiya vətəndaşı olan iş adamı Levon Hayrapetyan Dağlıq Qarabağa gələrək, Gəncəsər monastır kompleksinin hasarlarının üzərini mərmər daşlarla üzlənməsi işlərinə başlayıb. Burada erməni iş adamının məqsədi bu əraziyaə daha çox turist cəlb etməklə gəlir götürmək olub. Bu özbaşınalıq bir çox mütərəqqi fikirli erməni ziyalılarının və ictimaiyyət nümayəndələrinin hiddətinə səbəb olaraq Ermənistanda böyük etiraz dalğası yaradıb. Bu etirazlar və müzakirələr nəticə etibarı ilə bir müddət monastırın hasarlanması işlərinin dayandırılmasına səbəb olsada, tikinti işləri sonralar yenidən davam edib. Etirazçılar öz müraciətlərində yazırdılar:
Bu məktubu imzalayan Ermənistan ziyalılarının etirazı Azərbaycana olan sevgisindən deyil, tarixi bir memarlıq kompleksinin məhv edilməsindən qaynaqlanır. Hansı ki, bu tarixi abidəni onlar “erməni mədəniyyəti”-nin bir nümunəsi hesab edirlər. Bu erməni düşüncəsinin fərqinə varmadan, demək olar ki, bu məktub işğal olunmuş Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən düşünülmüş şəkildə vandalizmə uğradılmasını sübut edən yüzlərlə faktlardan biridir.
İş icraçıları Gəncəsər monastırının ətrafındakı hasarların guya, 1980-ci illərdə tikildiyini iddia edərək, bu divarları onu “bərpa” etdiklərini bildirirdilər. Lakin Monastrın mühafizə divarının 1980-ci illərdə tikilmiş olması ilə bağlı bütün söhbətlər və iddialar abidənin formasını dəyişənlər tərəfindən uydurulmuşdur və həqiqətə uyğun deyildir.
Çünki çoxsaylı fotoarxiv materialları, XIII – XX əsrlərdə yaşayan memarlar və mütəxəssislərin hamısı belə hesab edirlər ki, monastırın hasarları abidə inşa edildiyi dövrdə tikilib. Bu məlumatlara görə, ətraf hasarın cəmi üç girişi olub, onun şimal və şimal – şərq divarı isə indiyə qədər arixdə məşhur səkkiz otağın arxa divarıdır”.
Müxtəlif erməni saytlarda və mətbuat səhifələrində 1995 – 2013 – cü illər ərzində monastırın ətraf hasarlarında və əsas binanın divarlarında aparılmış təmir işləri aydın olmayan və məntiqsiz məlumatlarla təhrif olunmuş halda təqdim olunur. Hətta fikir bildirilir ki, son 15 il ərzində hasar bir neçə dəfə, keyfiyyətsiz, qeyri – professional təmir olunub. Bu cür qeyri-peşəkar yanaşmalar isə göstərir ki, Gəncəsər Monastırının taleyi təhlükə altındadır və abidəni şübhəli məqsədlər izləyir. Kompleksdə kilsə memarlığının ideya və normalarını inkar edən, kompleksin görkəminə və təyinatına ciddi xətər yetirən yeni fəaliyyətlər və tikililər həyata keçirilir.
Bütün bunlardan əlavə Gəncəsər Monastırı ətrafındakı qəbiristanlıqları sökərək yerində şübhəli məqsəd güdən bina tikilib. O, binanı hələlik “düşərgə” adlandırırlar, hansı ki, bu da müqəddəs yer üçün arzuolunmazdır. Bu fəaliyyət Gəncəsər monastırının əsrlər boyu müqəddəs yer olmasının və qorunmasının məna və ideyasına hörmət olunmur, üstəlik təhqir olunur.
“Daşınmaz tarixi və mədəniyyət abidələrinin qorunması və istifadəsi haqqında” 1953-cü il Haaqa Konvensiyasının tələbi Gəncəsərin ətraf hasarının üzlənməsinə və ya abidənin ilkin, tarixi strukturu və tarixən formalaşmış görünüşündə hansısa dəyişikliyə icazə vermir. Dünyada heç bir yer, heç bir tarixi abidə mərmərlə üzlənmir. Gəncəsər məbədinin hasarının və digər binaların mərmər daşlarla üzlənməsi ümumiyyətlə yolverilməzdir və üzlənmə divarı möhkəmlətmir, Əksinə, üzlənmə ilə divar daha da ağırlaşır və zədələnir. Monastırın hasarın şimal – qərb divarının bir hissəsi hamar yonulmuş daş üzlüklərlə üzlənib. Bu isə orta əsr memarlığına uyğun gəlmir və bununla da kompleksin tarixi mədəni dəyərinə və əhəmiyyətinə xələl gəlir, abidənin çoxəsrlik görünüşü pozulur. Bu abidənin təmiri beynəlxalq qaydalara ziddiyyət təşkil edir.
Son 30 ildə müxtəlif bəhanələrlə Ermənistan Hökuməti məqsədli şəkildə xristianlıq dovru abidələrin uzərindəki ornamentləri, elementləri və digər yazı numunələrini dəyişərək saxtalaşdırırlar ki, bu da kutləvi şəkildə Alban dovru abidələrin ilkin gorkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur.
Cənubi Qafqazda xüsusən də işğal altındakı Azərbaycan torpaqlarında tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər suni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına tarix institunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.