Elçin Mirzəbəyli:
İSHALATçı Qərbin € parlamenti
Avropa Parlamenti Azərbaycana qarşı əsassız iddialardan, erməni və fransız nağıllarından ibarət novbəti qətnaməsini qəbul edib və qoca... qitənin qanunverici orqanının 491 parlamentarisi bu klassik əxlaqsızlığı dəstəkləyib. Cəmi 9 nəfər bu kağız parçasının əleyhinə çıxış edib. Yəni bu qodarma “iddianamə” o qədər yüksək həyasızlıqla “hazırlanıb” ki, hətta 44 günlük müharibədən sonra AP-nin Azərbaycan əleyhinə uydurduğu yalan və böhtanlara günün günorta vaxtı “şam tutanlar” da bu misli görünməmiş riyakarlığı qəbul edə bilməyiblər. Daha öncə ölkəmizə qarşı ədalətli mövqe tuta bilməyən 36 avroparlamentari də bitərəf qalıb. Yəni digərlərindən fərqli olaraq, heç olmasa bişərəf qalmaq istəməyiblər.
35 illik təcrübəm, keçdiyim yol və qarşılaşdığım qıpqırmızı reallıqlar mənə siyasətin mikroskop altında görünməsi belə müşkül olan əksər cizgilərini tanıdıb. Onların böyük əksəriyyəti haqqında yazmaq, danışmaq mümkün deyil, Yer yerindən oynayar. Amma bu gün, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən, 200 illik qanlı layihəyə, zülmə, istibdada, kütləvi qətllərə, soyqırımına, vandalizmə və daha neçə-neçə dəhşətli cinayətə son verməsindən “qarın ağrısı” keçirən Qərb siyasətçilərinin heç bir ölçüyə sığmayan, sərhəd tanımayan naqisliklərini görəndə, azacıq da olsa təəccüblənirəm... “Bu qədər də olmaz” deyirəm. Amma sən demə olarmış... Səbəbini izah edəcəyəm. İzahdan öncə isə SSRİ-nin süqutundan sonra, çeşidili “institutlar”, “fondlar” və onların tör-töküntüləri vasitəsilə bizə gözümüzün önünə sərgilənən “islahatçı Qərb” anlayışında bəzi hərflərin yerinin səhv düşdüyünü diqqətə çatdırmaq istəyirəm. Qərb islahatçı deyil, ishalatçıdı... Ayaq basdığı, təsir dairəsinə saldığı, sümürdüyü hər yeri “batırmaq”dan başqa heç bir iş bacarmır...
Deməli, Avropa Parlamentinin ishalatçı parlamentarilərinin qənaətinə görə, “Azərbaycan insan haqlarını və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub”, “əvvəlcədən planlaşdırılan və əsassız hücuma” yol verib. Bu sətirləri oxuduğunuz zaman, əgər təklikdəsinizsə nələr dediyinizi, doğmalarınızın, dostlarınızın, tanışlarınızın, lap elə tanımadığınız adamların əhatəsindəsinizsə, nələr düşündüyünüzü yaxşı bilirəm. Mən də əlifbamızın dostdoğma hərfləriylə sizinlə eyni sözləri keçirirəm düşüncəmdən, amma yaza bilmirəm... Nə deyim, nə yazım ki, ürəyimdən, ürəyinizdən tikan çıxarsın. “Sizin şərəfinizə...” yazacağam, faydası olmayacaq. Çünki olmayan bir şey haqqında danışmağın, yaxud tamamilə Yerlə bir olmuş bir dəyəri hədəfə almağın son nəticədə heç bir faydası olmayacaq... Bizim üçün ən ağır, hətta ölümcül təsir kücünə malik olan ifadələrin arxasında gizlənən mətləblər belə əleyhimizə səs verən avroparlamentarilərin bir xeylisi üşün “xoşbəxtliyi”, arzuladıqları, xəyal etdikləri “səhnə”ləri simvolizə edir. Bu səbəbdən, təsadüfən qarşılaşsanız, indi düşüncənizdən, dilinizin ucundan keçən sözləri “qatlayıb” cibinizə qoyun. Real istəyiniz kimi başa düşərlər, özünüzü işə salarsınız...
...30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, yüzminlərlə azərbaycanlının öz evindən didərgin düşməsinə, onminlərlə günahsız insanın xüsusi amansızlıqla qətlə yetirilməsinə, xalqımıza məxsus tarixi, dini, mədəni abidələrin, yaşayış məskənlərinin – kəndlərin, qəsəbələrin, şəhərlərin vəhşicəsinə dağıdılmasına seyrçi qalan, imkan düşdükcə təcavüzkara birbaşa və dolayısıyla dəstək verən Avropa Parlamentinin ölkəmizi “əsassız hərbi hücum”da suçlaması siyasi əxlaqsızlığın, simasızlığın ən son həddirir. Amma yox, son deyil... Şəxsiyyətlərinin qırmızı cizgiləri alt-üst olanların son həddi olmur – iyrənc fantaziyaları kimi...
Hələ qədim Roma dövründə qəbul edilən mahiyyətcə riyakar, əsassız, böhtan və yalan xarakterli qərarlara etirazını bildirən böyük filosof, natiq və siyasətçi Siseron “Heyf ki, kağız qızarmır” deyirdi və bildirirdi ki, əgər Roma siyasətçilərinin zərrə qədər də həya etmədən qəbul etdiyi qərarların yazıldığı kağız canlı olsaydı, onların əvəzinə utanıb-qızarardı. Görünür “Qoca Qitə”nin böyük bir hissəsini əhatə edən Avropa Parlamentinin durumu Siseronun dövründəki parlamentdən daha acınacaqlıdır. Çünki Avropa Parlamentində həyasızcasına uydurulmuş yalanlardan ibarət kağız parçalarına etiraz edə, həqiqəti söyləyə biləcək kimsə qalmayıb.
Gözləri qatı iqrçilik, islamafobiya və ksenofobiya pərdəsi ilə örtülmüş Avropa parlamentariləri, nədənsə erməni vəhşiliyinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qanlı izlərini görmür, bəşər tarixinin ən utancverici mənzərəsinə nəzər salmaq, münasibət bildirmək istəmirlər.
...Mənzərə göz qabağındadır. Mən bu qətnamədən sonra qoca qitə haqqında söylənilən ən sərt epiteti belə yumşaq hesab edirəm.
Yəni, qoca... Lənət şeytana. Hər halda biz azərbaycanlıyıq və yaşlılara sayğı ilə yanaşmaq kimi bir adətimiz var. Bir qətnaməyə görə, adətimizi dəyişən də deyilik. Hər halda, Qoca “Q”, yəni Qitə öz adətini dəyişsə daha yaxşı olar. Artıq üzünə baxan da yoxdu...
...İndi AP üçün yeganə dəyər “€” (avro) işarəsidir. Zənnimcə, avroparlamentin adı “€parlament” kimi yazılsa daha doğru olar...
Elçin Mirzəbəyli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.