Elçin Mirzəbəyli:
Aİsayağı aqressiya: Bizi axmaq və sadəlövh olmadığımız üçün sevmirlər
Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq qalan, qarşılıqlı münasibətlərdə bərabər hüquqluluq və faydalılıq prinsiplərini əsas götürən məsuliyyətli bir dövlətdir, proksi, satellit, vassal deyil, olmayıb, olmayacaq da...
Məhz bu prinsiplərə münasibətdə sayğılı davranan ölkələrlə, təsisatlarla hər hansı bir problemimizin olduğunu xatırlamıram. Bu günədək ayrı-ayrı regional və beynəlxalq təşkilatlar, həmçinin iqtisadi-siyasi birliklərlə münasibətlərimiz də, yuxarıda sadaladığım prinsiplər əsasında olub. Eyni yanaşma ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə də aiddir.
Azərbaycan, hazırda Avropanın əsas enerji təminatçılarından biridir. Bunun Avropa üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini anlamaq üçün isə, dünyanın mövcud mənzərəsinə, geosiyasi qarşıdurmaların əsas təzyiq elementlərinin sırasına nəzər salmaq yetərlidir. Yəni bizim Avropaya nə ehtiyacımız var, nə də “qoca qitə”dən asılılığımız. Əksinə ehtiyac və asılılıq meyarları “tərəzinin” qarşı tərəfə aid “gözü”nü getdikcə daha ağır basır. Onlar bizə təzyiq və istifadə vasitəsi kimi yararlandıqları qondarma “dəyər”ləri, üzərimizə ən müxtəlif yollarla, 3-5 qəpiyə satın aldıqları nüfuz müvəkkillərini qısqırtaraq, çeşidli oyunlarla sırımağa, təbii sərvətlərimizdən müftə-müsəlləm faydalanmağa çalışıblar, amma siyasi əxalqsızlıqla diplomatik manevrlər arasındakı fərqi yaxşı müəyyənləşdirə bildiyimiz üçün, bacarmayıblar. Bizə qarşı zamanla özünü büruzə verən aqresssiyanın təməlində də, ağı qaradan seçmək bacarığımız dayanır. Kəsəsi, bizi axmaq və sadəlövh olmadığımız üçün sevmirlər...
İndi Cənubi Qafqazda burnu ovulan Avropa İttifaqı və onun Fransa kimi qoca neomüstəmləkəçi təmsilçisi üzərimizdən “hoppanaraq” Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurur, Ön və Mərkəzi Asiyada sarsılmaz tarixi, mədəni və milli dəyərlər, dostluq və qardaşlıq körpüləri üzərində formalaşan regional əməkdaşlıq münasibətlərini, öz qafalarına görə, küncə sıxışdırmaq, hədəf olaraq, gündəlikdən çıxarmaq istəyirlər. Amma unudurlar ki, Mərkəzi Asiyaya yol, istisnasız olaraq və sözün bütün mənalarında Azərbaycandan keçir. Bunu anlamaq üçün, xəritə ilə yanaşı, Ön və Mərkəzi Asiyadakı demoqrafik vəziyyətə, tarixi və çağdaş mədəni, iqtisadi, siyasi münasibətlərə və bu münasibətlərin toplumsal sosial-psixoloji aspektlərinə, vahid dəyərlər sisteminə də nəzər salmaq lazımdır.
Dünya dəyişir və qlobal dəyişikliklər fonunda xalqların və dövlətlərin öz təhlükəsizliklilərini təmin etmələri, strateji inkişaf perspektivlərini və hədəflərini müəyyənləşdirmək, identikliklərini qorumaq üçün aid olduqları məkanda və mənsub olduqları dəyərlər sistemi çərçivəsində qarşılıqlı, bərabərhüquqlu əməkdaşlığa, iqtisadi-siyasi və mədəni inteqrasiyaya ehtiyacları var. Amma bu prosesin Avropa İttifaqına və onun marionet satellitlərinə heç bir aidiyyatı yoxdur.
Bu gün Avropa İttifaqının Azərbaycana qarşı sərgilədiyi münasibətin rasional məntiqlə heç bir izahı yoxdur. Əgər söhbət 44 günlük müharibədən, antiterror tədbirlərindən sonra yaranan durumdan, işğalçı ölkənin rüsvayçı məğlubiyyətindən, separatizmin məhvindən doğan reallıqlardan gedirsə, bu Azərbaycanın, Aİ ölkələrinin əksini açıq şəkildə dilə gətirə bilmədikləri suveren hüquqları çərçivəsində baş verən bir prosesdir. Əgər qoca qitənin beynəlxalq təhlükəsizlik mexanizmlərini bitib-tükənməyən iddiaları ucbatından iflic durumuna salan real sahibləri və vassalları ədalətin güc hesabına bərqərar olmasını arzulamırdılarsa, o zaman 30 ilə yaxın zaman kəsiyində işğala “şam” tutmamalı, təcavüzkarı cəzalandırmaq üçün əməli addımlar atmalıydılar. Amma onlar bu illər ərzində işğalçının yanında dayanmağa, təcavüzü stimullaşdırmağa üstünlük verdilər və bu gün də bütün imkanları ilə revanşçı meylləri dəstəkləmək yolunu tutublar.
Son 30 ildə Azərbaycan qarşılaşdığı bütün ədalətsizliklərə baxmayaraq, əldə etdiyi ləyaqətli və ədalətli qələbədən sonra, Avropa İttifaqı ilə də siyasi münasibətlərində yeni bir səhifənin açılması üçün əlindən gələni əsirgəmədi, xüsusi ehtiyac duyulmadığı halda, Brüssel platformasında iştiraka razılıq verdi, sülh prosesini təşviq etdi, səbrlə gözlədi.
Amma “qoca qitə”nin klassik “oyunçuları” yenə də köhnə şakərlərindən əl üzə bilmədilər... Vasitəçilik missiyasını Avropa İttifaqı Şurasının prezidenti yerinə yetirdiyi halda, sözügedən təsisatın daha iki üzvü, həm də Ermənistanın dəstəkçisi və himayəçisi kimi danışqlarda iştiraka cəhd göstərdi və təbii ki, Azərbaycan heç bir halda bu məntiqi izahı olmayan, eyni təsisatın üç təmsilçisinin, həm də ayrı-ayrı statuslarda qatılmaq istədikləri prosesə münsbət yanaşa bilməzdi və yanaşmadı da... Amma bu açıq, hikkəli yanlışlıqdan nəinki nəticə çıxarılmadı, əksinə bəlli mərkəzin Aİ çərçivəsində və Aİ-dən kənar proksilərinin daha aqressiv bir şəkildə hərəkətə keçdiklərinin şahidi olduq.
Prinsip etibarilə hazırda Azərbaycan üçün cavabı aydın olmayan sual yoxdur, amma ortaqlıda Avropanın, ilk növbədə özünün cavab tapmalı olduğu və hələlik açıq, sahibsiz qalan vacib bir sual var: Avropa Azərbaycanın, təsisat görəvlilərinin uzun illər boyu bəyan etdikləri kimi tərəfdaşı və dostudur, yoxsa Qafqazı yenidən müharibə və münaqişə ocağına çevirmək niyyəti güdən qarşıdurma ssenarilərinin tətikçisi? Avropa Qafqaz xalqlarının sülh və təhlükəsizlik şəraitində yaşamasını istəyir, yoxsa Ermənistanı himayə etməklə, separatizmi, revanşçı meylləri stimullaşdırmaqla bölgəni daim gərginlik içərisində saxlamaq? Nə istəyir Avropa?
Avropa İttifaqı və təsisatın qitədənkənar katalizatorları birdəfəlik anlamalıdırlar ki, Azərbaycanın haqlı mövqeyi və maraqları nəzərə alınmadan, onların Cənubi Qafqazdan Mərkəzi Asiyaya gedən bütün yolları qapalı qalacaq. Ən yaxşı halda, müəyyən zaman kəsiyində Ermənistan ərazisindən binoklla görə biləcəkləri məsafəyə qədər boylanmalı olacaqlar. Vəssalam!
Elçin Mirzəbəyli
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.