100 yaşlı ananın yubiley tədbiri
Bir əsrin hekayəsi
Masallı rayonunun Birinci Yeddioymaq kənd sakini Salayeva Xanımnənə Qulam qızının anadan olmasının 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. İştirakçıların yaddaşında dərin iz qoyan bu əlamətdar gün ailə dəyərlərinə, ana müqəddəsliyinə və uzunömürlülüyün mənəvi sirrinə həsr olunub.
Yubilyarın övladları, nəvə-nəticələri, yaxın qohumları ilə yanaşı, iş və sənət adamları, ağsaqqal və ziyalılar, eləcə də digər qonaqların qatıldığı tədbirdəki çıxışlar zamanı Xanımnənə ana təkcə bir ailənin deyil, bütövlükdə kəndin və nəslin mənəvi dayağı kimi dəyərləndirilib. Qeyd olunub ki, o, yalnız keçmişi xatırladan bir ömür yolu deyil, bu günü mənalandıran, gənc nəslə həyat dərsi verən canlı bir hikmət mənbəyidir.
Bildirilib ki, alın tərinin nuru ilə aydınlanan, zəhmətkeşliyi və mərdanəliyilə seçilən Xanımnənə ananın keşməkeşli, çətinliklərlə dolu həyatı sevgiylə ucalan, səbr və təmkinlə möhkəmlənən bir əsrlik ömür hekayəsidir. Onun həyat təcrübəsi, ailəsinə və övladlarına göstərdiyi qayğı, insani keyfiyyətləri bu gün də örnək kimi dəyərləndirilir. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, üzərimizdə böyük haqqı olan ana və atalarımıza sevgi, hörmət və diqqət göstərmək hər bir insanın ən vacib əxlaqi borclarındandır.
Tədbir çərçivəsində yubilyara səmimi təbriklər ünvanlanıb, xatirə hədiyyələri təqdim olunub. Xanımnənə ana isə öz növbəsində göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildirib, həyat yolundan süzülüb gələn sadə, lakin dərin mənalı sözləri ilə maraqlı xatirələrini bölüşüb.
Bayram ab-havasında davam edən tədbirdə Xanımnənə ananın timsalında bütün analara həsr olunmuş şeirlər səsləndirilib, kövrək və ruhlandırıcı nəğmələr ifa edilib. Qonaqlar 100 yaşlı yubilyarla birlikdə rəqs edərək bu unudulmaz günü böyük sevinc və xoş ovqatla qeyd ediblər.
Akif AĞAYEV
video-foto: Elsevər Əliyev, Faiq Mirzə, Emil Nuri
https://youtu.be/ycC3fofe2wc


