Cavadxan Qasımov:
DÖVLƏT BAŞÇIMIZIN İNSAN KAPİTALININ İNKİŞAFI KONSEPSİYASI: NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BU SAHƏDƏ UĞURLU TƏDBİRLƏRİ
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
5 yanvar 2026-cı il tarixində dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına vermiş olduğu müsahibədə, ölkəmizin davamlı regional, milli və beynəlxalq iqtisadi inkişaf proseslərindən, ərazi bütövlüyümüzün təmin olunmasından, davamlı iqtisadi islahatlardan, sosial dayanıqlılıq sahəsindəki tədbirlərin məqsədyönlülüyündən, mövcud potensialın etibarlılığından və uzunmüddətli hədəflərin əlçatan olması sahəsindəki proseslərin həyata keçirilməsindən söz açdı. Həmin müsahibə hər birimiz üçün proqram xarakterli əyani vəsaitdir. Müsahibədə, eyni zamanda, qara qızılın insan kapitalına çevirilməsi, elm və təhsil sahəsindəki tədbirlərin yeni keyfiyyət mərhələsi əsasında davam etdirilən ardıcıl islahatlardan da bəhs olundu. Təbii olaraq, bu islahatlar, həm təhsil sahəsini, həm də həmin sahənin kadr potensialını əhatə etməkdədir.
Çünki, dövlət başçımızın da qeyd etdiyi kimi, kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır.
Təbii olaraq, dövlət başçımızın qeyd etdiyi tövsiyələr, cəmiyyətimizin xoşbəxt gələcəyi üçün olduqca zəruridir və bu sahədə, universitetlərin də qarşısında mühüm vəzifələr vardır. Məhz bu vəzifələrin qürurlu icra mexanizmləri qalib ölkənin inkişaf edən ali məktəbi olaraq Naxçıvan Dövlət Universitetinin reallaşdırmış olduğu layihələrdə daha əhatəliliyinə görə seçilir. Ali məktəbimiz bununla, müasir müstəqillik illərinin olduqca perspektivli, etibarlı və genişmiqyaslı inkişaf dövrünü yaşamaqdadır. Xüsusilə də, son 6 ildən artıq bir dövr ərzində burada həyata keçirilən innovativ mahiyyətli, texnoloji təminatlı və inteqrasiya hədəfli tədbirlər dövlətimizin milli ali təhsil sahəsində gerçəkləşdirmiş olduğu islahatların zəruri tərkib hissəsi olmaqda, onu daha da əlçatan etməkdədir. Hələ 2020-ci ildən etibarən ölkənin milli ali təhsil sahəsində davam edən islahatlarına uyğun olaraq, strukturlaşmanın başladılması, müasir tələblər və çağırışlar əsasında yeni ixtisasların və fakültələrin yaradılması, fəaliyyətlərinin müvafiq qaydalar əsasında tənzimlənməsi sahəsində ilkin addımlar atılmağa başlandı. Müzəffər Ali Baş Komandanımızın milli liderimiz Heydər Əliyevin elm və tədrisin dayanıqlı inkişafı sahəsində başlatdığı qətiyyətli strateji xəttin daha da möhkəmlənməsi sahəsində həyata keçirmiş olduğu tədbirlər ölkəmizdə bütün ali məktəblər kimi Naxçıvan Dövlət Universitetinin də yüksək elmi, pedaqoji, texniki, innovativ və texnoloji dayanıqlılığına zəmin yaratmışdır.
Bütün bunlar, təbii olaraq, həm milli təhsilimiz üçün:
- sosial-iqtisadi mahiyyətinə görə seçilərək, müasir əmək bazarının dəyişən tələblərinə müvafiq qaydada uyğunlaşmaqla, təşəkkül tapmaqla;
- milli təhsilin daha etibarlı və daha mütərəqqi əsaslarla inkişafına verdiyi töhvələrlə;
- tədrisi ingilis dilində olan ixtisasların açılması və uğurlu qəbul göstəricilərinin əldə olunması ilə;
- alternativ imkanların yaradılması əsasında etibarlı elm və tədris proseslərinin ardıcıllığı ilə;
- dayanıqlı araşdırma və tədqiqat mühitinin əsaslarının ortaya qoyulması ilə güclü potensialın formalaşdırılması və perspektivli nəticələrin əldə olunması ilə modern universitet modelinin yaradılması Naxçıvan Dövlət Universitetinin daha mütərəqqi hədəflərini təşkil etməkdədir.
Təbii olaraq, bu bəhs olunanlar, yaxın, orta və uzaq gələcək üçün Naxçıvan Dövlət Universitetinin həm də:
beynəlxalq əməkdaşlıqlarının daha üst səviyyədə təşəkkül tapmasında mühüm göstəricilər sistemini təşkil etmiş olacaq;
ikili diplom layihələrinin həyata keçirilməsi ilə ortaq kadr hazırlığının etibarlılığına təminat yaradacaq;
müəllim və tələbə mobilliyinin təmin olunması ilə, genişmiqyaslı araşdırma mühitinin dünyəviliyinin təmin olunması ilə müşayiət olunan potensialı ortaya qoymuş olacaq;
daha etibarlı elm və tədris imkanları üçün inkişaf etmiş universitetlərin təcrübələrindən yararlanma sahəsində öncüllüklə fərqlənmiş olacaq;
dünya miqyaslı tanınmış və görkəmli elm adamları və pedaqoji kadrların tədris proseslərinə cəlb olunması ilə əsaslarını müəyyən etmiş olduğu proseslər, uzunmüddətli artım göstəricilərinin, ali təhsilinin şaxələndirilməsinin və keyfiyyət təminatının daha mütərəqqi bazasını yarada bilmişdir. Eyni zamanda, belə üstünlüklərin əldə olunması universitetin Texnologiyalar parkı müstəvisində yeni bir inkişaf səviyyəsinə faydalı zəminlər açacaq.
Müzəffər Ali Baş Komandanımız müsahibədə uzaqgörnəliklə bildirdi ki, Elmlər Akademiyası təbii ki, artıq uzun illərdir fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak etmişəm. Amma, eyni zamanda, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır. Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir.
Artıq Naxçıvan Dövlət Universiteti, malik olduğu elmi və pedaqoji potensialını, bu sahədəki resurslarını və texnoloji təminatını möhkəmləndirməkdə, xüsusilə də, hüquqi bazasını daha da gücləndirməkdədir. Belə ki, Təbii Ehtiyatlar İnstitutunun, Bioresurslar İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi, ali məktəbin elmi mühitinin daha da etibarlı təşkilinə və idarə olunmasına yeni bir dəstək oldu. Məhz bu mərhələdən başlayaraq, hər üç elmi tədqiqat instititunun şöbə və laboratoriyalarında müvafiq elmi araşdırmaların aparılması üçün zəruri avadanlıqlar və mexanizmlərin qurulması, eyni zamanda, maddi-texniki bazanın daha da möhkəmləndirilməsi sahəsində işlər davam etdirilməkdədir.
Naxçıvan Dövlət Universitetinin yeni çağırışlar əsasında fəaliyyətinin təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsi məqsədyönlü şəkildə olmaqla davam etdirilməkdədir. Burada, tələbəyönümlü tədris proseslərinin təşkili və idarə olunması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmışdır. Bu sahədə, 2023-2027-ci illər üzrə Strateji İnkişaf Planının da “Yüksək keyfiyyətli təlim və tədris prosesinin təşkili” adlanan birinci məqsədinin birinci hədəfində də Tələbə yönümlü təhsil yanaşmasını mənimsəyərək tələbələrin öyrənmə ehtiyaclarını analiz etmək və təhsildəki yeni trendləri müəllim heyətinin mənimsəməsi ilə auditoriyalarda tətbiqinə nail olmaq aktual hesab olunur. Həmçinin, qeyd olunur ki, tələbə yönümlü təhsil yanaşması mexanizmasının bütün kafedralarda mənimsənilməsi üçün mütəmadi təlimlər təşkil etmək səmərəli olacaq.
Naxçıvan Dövlət Universitetinin məqsədi, bütün digər milli təhsil üzrə strateji hədəflərlə yanaşı, eyni zamanda, cəmiyyət üzvlərinin yeni iqtisadi, sosial, mədəni və hüquqi reallıqlar əsas tutulmaqla, çoxistiqamətli sferalar üzrə kadr hazırlığının təmin olunması, bununla da, dünya təhsilinə daha dolğun şəkildə olmaqla inteqrasiya olunan və beləliklə, beynəlxalq ali təhsil müəssisələri ailəsinin bir üzvü olmaqdır. Məhz bu sahədə, universitetimiz inamla, qətiyyətlə və uğurla addımlayır. Rektor, təcrübəli elm və təhsil adamı Elbrus İsayevin qətiyyətli rəhbərliyi ilə məqsədyönlü şəkildə reallaşan bu hədəflər, daha mütərəqqi nəticələrinə görə seçilməkdədir.
Dövlət başçımızın müsahibəsində gəncliyə qayğı və diqqətin bütün zamanların aktual məsələsi olduğu bir daha vurğulandı. Məhz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı olan 2023-2027-ci illər üzrə Dövlət Proqramında “İnsan kapitalının inkişafı” adlanan 9-cu Prioritet məhz Naxçıvan Dövlət Universitetinin məqsədyönlü dövlət tənzimlənməsi ilə əhatə olunduğunu bir daha göstərməkdədir. Bunlarla yanaşı, həmin hüquqi sənəddə, Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin də icra olunması nəzərdə tutulmuş və eyni zamanda, 2023-cü ildə Gimnaziyanın 213 şagirdlə, 2024-cü ilin sentyabr ayında Kembric məktəbinin 74 şagirdlə Naxçıvan Dövlət Universitetinin nəzdinə verilmiş olması universitetinin tədris proseslərindəki etibarlılığın daha da yüksəldilməsinə təminat yaratmışdır.
Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilməsi, birgə proqramlar təşkil olunması, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçirilməsi də, bu sahədə olduqca mühüm nəticələr gətirmiş olacaq.
Beləliklə, Naxçıvan Dövlət Universitetinin mövcud potensialı və gələcək perspektivləri dayanıqlıdır, əhatəlidir və daha da təkmilləşməkdədir. Dövlət başçımızın müəyyən etdiyi hədəflərin daha da əlçatan olması, ali məktəbimizin daha dinamik inkişaf xəttini möhkəmləndirməkdədir. Bu isə, təbii olaraq, Naxçıvan Dövlət Universitetini xalqımızın ümummilli lideri Heydər Əliyevin görmək istədiyi inkişaf zirvəsinə yüksəlməsinə təminat yaratmaqdadır.


