Yevlaxda seminar: “Vərəmlə mübarizədə müasir yanaşmalar”
Səhiyyə Nazirliyinin dəstəyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ-nin Yevlax Regional Xəstəxanasında “Dərmana davamlı vərəm və digər rezistent infeksiyaların idarə olunmasına müasir yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbirdə Ağciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasının idarə aparatının rəhbəri və baş həkimi Mirrəhim Nəbiyev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru İradə Axundova, institutun struktur bölmə rəhbərləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Seminar çərçivəsində ölkədə vərəmlə mübarizə sahəsində son illərdə əldə olunan nailiyyətlər, müasir və effektiv müalicə metodlarının tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və əhalinin bu xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, dərmana davamlı vərəm və digər rezistent infeksiyaların idarə olunmasına dair aktual məsələlər müzakirə edilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara sertifikatlar təqdim olunub və qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.
Akif AĞAYEV


