Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli:

Vaqif gəraylısı

Dik başını qar aldıqca

ucalır başı Vaqifin.

Ömrün qaşı qaraldıqca

ağarır qaşı Vaqifin.

 

 

Sübhdən qurub alaçığı,

Sirdi gedib-qalacağı...

Nuh-Nəbidən yola çıxıb,

qədimdi yaşı Vaqifin.

 

 

Yollar aşır sinəsindən,

Tel-tel dinən sinə... simdən!

Fələk əzən çənəsindən

tökülür dişi Vaqifin.

 

 

Üçü qatil – çarpasıdı,

dördü xəsil arpasıdı;

Fəhm eləmə arbasıdı

hər yetən kişi Vaqifin.

 

 

Zalım oxlar dələr keçmiş,

Nakam şikar mələr keçmiş,

Bərəsindən nələr keçmiş

ifallı, naşı Vaqifin?!

 

 

Tanrı şaxdan gözəl dərib,

Dini gözdü – gözəl, dərin!

Qurban olsun gözəllərin

birinə beşi Vaqifin!

 

 

Çırpılıb hicran daşına;

Bəsdi demir savaşına.

Düşür əğyarın başına,

ağırdı daşı Vaqifin.

 

 

Meydan açır, dava gəzir,

Saf su, təmiz hava gəzir!

Haqqı qova-qova gəzir –

müşküldü işi Vaqifin...

Best coffeeshop in Berlin