Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xocalı rayonunun Mehdibəyli kəndi: Qədim yaşayış yeri

Abidə Xocalı rayonunun Mehdibəyli kəndi yaxınlığında yerləşir. Təxminən 1,5 hektar ərazini əhatə edən, Orta Tunc dövründən Son Orta Əsrlərə qədər mədəni təbəqələrlə təmsil olunan və geniş məzarlıqlarla əhatə olunmuş bu üç səviyyəli platforma Qarqar və Badara çayları arasında yerləşir.  Ərazi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yəni 1996-cı ilin iyul-avqust aylarında Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası (rəhbərləri Q. Petrosyan, L. Episkoposyan), 2002-ci ilin iyul ayından isə V.Səfəryan adlı şəxsin rəhbərlik etdiyi ekspedisiya tərəfindən Azərbaycanın bu ərazisində qeyri-qanuni arxeoloji qazıntılar aparılmışdır.

1996-cı ildə ermənilər tərəfindən aparılan qeyri-qanuni arxeoloji tədqiqatlar zamanı Qədim yaşayış yerinin üçüncü platformasında orta əsrlərə aid ziyarətgah qazılmışdır.  Qazıntı zamanı dörd daşdan hazırlanmış ocaq yeri aşkar edilmişdir. Ocağın ətrafında tapılan XII-XIV əsrlərə aid bir neçə yüz keramika parçaları qızıl və gümüş əşyalar Ermənistana aparılmışdır. Yaşayış məntəqəsinin şərqində və qərbində yerləşən VIII-IX əsrlərə aid iki məzarlıq, bir neçə irili-xırdalı kurqanlar, daş sənduqələr Ağdərə rayonunun Dovşanlı və Xocalı kurqanları ilə eyniyyət təşkil edir.

Ermənilərin qeyri-qanuni 2002-ci il qazıntıları zamanı isə Mehdibəyli kəndinin şərq qəbristanlığında qazıntı işləri aparmış, məzarlığın cənub-şərq hissəsindəki kurqan qazılmışdır. Erməni mənbələrinin verdiyi məlumata görə qazıntı zamanı Kurqanın şərq və şimal-şərq hissələrinin torpaq bəndində daş qurşaq açkar edilməmişdir. Dəfn kamerası daş qutu şəklində aşkar olunub. Dəfn kamerası Kurqanın mərkəzində yerləşmiş və iri əhəngdaşı plitələrlə örtülmüşdür. Verilən məlumata görə, Ermənilər tərəfindən xüsusi vəhşiliklə dağıdılan kurqanın inventarına aşağıdakı əşyalar daxildir: ucları bağlı tunc bilərzik, ucları açıq tunc üzük, tunc kəmər qırıqları, dairəvi başlı tunc mismar, tunc düymələr, dəmir bıçaq qırıqları, qiymətli metaldan hazırlanmış muncuqlar, kvars və şüşədən hazırlanmış muncuqlar və muncuq qırıqları.

Ermənilərin işğal dövrü “Lusadzor” bəzən də “Mehdişen” adlandırdıqları Mehdibəyli kəndi Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində inzibati yaşayış məntəqəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mehdişen kəndi Mehdibəyli kəndi adlandırılmışdır. 

Best coffeeshop in Berlin