Akademik İsa Həbibbəyli: “AMEA-da Azərbaycan dilinin inkişafı istiqamətində sistemli işlər aparılır”
Dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Medianın dili elmi müzakirə müstəvisində” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
Akademik İsa Həbibbəyli tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışında və yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı irəli sürdüyü vəzifələrin və qarşıya qoyulan tələblərin elmi müstəvidə müzakirəsinə həsr olunduğunu bildirib. AMEA rəhbəri qeyd edib ki, dövlət başçısının bu istiqamətdə çıxışları, səsləndirdiyi fikirlər müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, milli-mənəvi birliyin gücləndirilməsinə və Azərbaycan dilinin qorunub zənginləşdirilməsinə yönəlib.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizdə dövlət dili siyasətinin möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin hakimiyyətinin birinci dövründə, sovet ideologiyasının beynəlmiləlçilik siyasətinin hökm sürdüyü şəraitdə belə, azərbaycançılıq istiqamətində ardıcıl və düşünülmüş addımlar atılıb. Heydər Əliyevin təşəbbüsü və qətiyyətli siyasəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ulu Öndərin uzaqgörənliyinin və milli dəyərlərə bağlılığının bariz nümunəsidir.
Müasir dövrdə Prezident İlham Əliyevin Azərbaycan dili siyasətini dövlət siyasətinin aparıcı istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxladığını söyləyən AMEA rəhbəri “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın bu sahədə aparılan elmi tədqiqatlar üçün əsas yol xəritəsi rolunu oynadığını vurğulayıb.
“Dövlət başçısının AMEA-nın 80 illik yubileyindəki çıxışı, eləcə də cari ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə dövlət siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”, – deyən akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı tələblərinin bir neçə əsas istiqaməti əhatə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bunlara dilə verilən yüksək dəyər, onun milli mənsubiyyətin əsas göstəricisi kimi təqdim olunması, həmçinin beynəlxalq terminologiyanın istifadəsinə balanslı yanaşma daxildir. AMEA prezidenti əlavə edib ki, beynəlxalq terminlərlə yanaşı, Azərbaycan dilinin daxili imkanları hesabına yeni terminlərin yaradılması və milli terminologiyanın genişləndirilməsi vacibdir. Bu məqsədlə AMEA-nın Dilçilik İnstitutunun “Terminologiya məsələləri” jurnalında müvafiq məlumatlar dərc olunur.
AMEA rəhbəri texnoloji inkişaf dövründə dilin qorunması yollarının göstərilməsinin bu sahədə çalışanlar üçün də praktik bələdçi rolunu oynadığını vurğulayıb. O, Azərbaycan dilinin zənginləşdirilməsi yollarından bəhs edərək, bu baxımdan dialektoloji xəzinə, söz yaradıcılığı və bədii ədəbiyyata müraciət olunmasının əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-da dövlət dil siyasətinin icrası istiqamətində görülən işlərdən də danışıb. Dilçi alimlər, eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilən tədbirlər, Azərbaycan dili üzrə Olimpiadanın təşkili, orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanması, şəxs adları ilə bağlı məlumat kitabçalarının tərtibi bu fəaliyyətin əsas istiqamətləri kimi qeyd olunub. Həmçinin Azərbaycan dilinin qrammatikası üzrə sistemli elmi tədqiqatların aparıldığı, fonetika, morfologiya və leksika ilə bağlı nəşrlərin çap olunduğu, sintaksis üzrə əsərin isə hazırlanma mərhələsində olduğu bildirilib.
Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli medianın Azərbaycan dilini ən çox aktivləşdirən və kütləviləşdirən əsas vasitə olduğunu qeyd edib. Akademiya rəhbəri media dilinin tənzimlənməsi istiqamətində işlərin aparılmasının zəruriliyini bildirib və AMEA-nın bu sahədə Azərbaycan Mətbuat Şurasına elmi dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
O, çıxışının sonunda konfransı Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çağırışlarından irəli gələn vəzifələrin icrası istiqamətində mühüm addım kimi dəyərləndirib, tədbirin işinə uğurlar arzulayıb.


