Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Məmməd Əvəzoğlu:

Heydərbabaya cavabsız məktub

Heydərbaba, sən düşürsən yadıma,
Burdakılar yetişməyir dadıma,
Boş oturmaq yaraşmır heç adıma,
Yazıram ki, xəbər tutum halından,
Qan içində boğulan əhvalından.


 

İgidlərin Allah deyib qalxdılar,
Selə dönüb küçələrə axdılar,
Xainləri yandırdılar-yaxdılar,
Yenə cəllad əlin atdı qılınca,
Qaniçənlər adam olmaz ölüncə!


 

Heydərbaba, ruzigarın çox çətin,
Bilirəm ki, boğur səni qeyrətin,
Heyif, yenə zay olubdu zəhmətin,
Cavanları zindanlara saldılar,
Anaları gözü yaşlı qaldılar.


 

Heydərbaba, nə deyim bu fələyə,
Belimizə bağladığı şələyə,
O tay, bu tay həsrət qalıb çörəyə,
Azadlığın nə olduğun bilmədik,
Bir sürfədə dərdimizi bölmədik.


 

Heydərbaba, qəmi bölmək savabdı,
Xəlqin günü bu yerlərdə xarabdı,
O qədər ki ürək yanıb, kababdı,
Burdakılar dərimizi soyurlar,
Dinən kimi gözümüzü oyurlar.


 

Heydərbaba, xəbəri yox fələyin,
Yolu düşmür bura mövti-mələyin,
Qazla işıq kəsib xalqın kələyin,
Azərsel də qan uddurur millətə!
Yazıq kasıb necə dözür zillətə!?


 

Heydərbaba, abır-həya gözlədik,
Dərdimizi gen dünyadan gizlədik,
Mollaların donuzların bizlədik,
Noldu yenə ürəkləri çartladı,
Baba dərviş barıt qoydu, partladı?


 

Yaxşı gəlmir Amilinin avazı,
Ərdəbildə çatmır deyən havası,
Başlayıblar İran-Turan davası,
Yadlarına "Şahnamə"dən nağıl qoy,
Əmmaməni götür, ora ağıl qoy.


 

Heydərbaba, ərzi-halım bitməyir,
Bu xalq niyə muradına yetməyir?
Bezdirənlər niyə itib getməyir?
Qarğışımız batmayır heç canına,
Qan tökənlər bələşəydi qanına!


 

Rübabəmiz Heydərbaba oxuyur,
Yazıq hələ qəm çələngi toxuyur,
Bu dünyanın havası qan qoxuyur,
Hələ gedir iblislərin oyunu,
Allah üzüb bitirəydi soyunu.

Məmməd Əvəzoğlu.11.02.2026.

Best coffeeshop in Berlin