“Zamanı dayandıran gecə” adlı fotosərgi keçirilib +FOTO=14
Azərbaycan tarixinin ən faciəli, qanlı hadisələrindən olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Zamanı dayandıran gecə” adlı fotosərgi keçirilib.
AZpress.AZ xəbər verir ki, sərginin təşkilində əsas məqsəd 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermis faciənin həqiqətlərini geniş auditoriyaya çatdırmaq, şəhidlərin əziz xatirəsini yad etmək, gələcək nəsillərə tarixi həqiqətləri ötürməkdir.
Sərgidə Xocalı faciəsinə həsr olunmuş fotolar, sənədlər və nəşrlər nümayiş olunur. Sərgidə ilk dəfə Xocalı sakinləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, mayor Tofiq Mirsiyab oğlu Hüseynova aid fotoşəkillər, Murad Şükürova məxsus sənədlər və qatlama bıçaq da sərgilənir. Nümayiş olunan şəkillər içərisində 26 fevral 1992-ci ildə rusiyali jurnalist Viktoriya İvleva tərəfindən çəkilən, faciənin dərinliyini göstərən foto da yer alır. Sərgidə Oleq Litvin, Xalid Əsgərov, İlqar Cəfərov, Sahvələd Eyvazov, Mirnaib Həsən oğlunun və ilk dəfə olaraq Eduard Ponyaqinin aero fotoları nümayiş olunur. Qeyd edək ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilir. Foto Vaqif Rəhimovundur.


