"Qalatasaray" cavab matçında məğlub olsa da.....
Dünən gecə saatlarında futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələnin cavab oyunları çərçivəsində daha 4 oyun keçirilib və bununla da 1/8 finala yüksələn klubların hamısı bəlli olub. Azərbaycan futbol həvəskarları üçün günün ən maraqlı oyunu İtaliyada yerli "Yuventus" ilə "Qalatasaray" klubu arasında baş tutub. Turin şəhərindəki "Alyants" stadionunda baş tutan və taleyi portuqaliyalı hakim Joau Pineyruya həvalə edilən oyun ev sahibi olan "Qoca Sinyora"nin (3:2) qələbəsi ilə bitsə də mərhələ aşmaq (1/8 finala yüksəlmək) "Cim-Bom"a nəsib olub. Buna səbəb isə ilk oyunda "Qalatasaray"in 5:2 hesabla qalib gəlməsi və ümumi hesabın Türkiyə təmsilçisinin üstünlüyü olub - 7:5.
Oyuna gəlincə, matçın 37-ci dəqiqəsində "Yuve"nin kapitanı Manuel Lokatelli penaltı zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.
Matçın 70-ci dəqiqəsində Federiko Qattı hesabı 2:0-a çatdırıb. 82-ci dəqiqədə Ueston Makkenni baş zərbəsi ilə üçüncü qolu (3:0) vurandan sonra ümumi hesab bərabərləşib - 5:5. Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənmədiyi üçün mübarizə əlavə vaxtda davam edib.
Görüşün 105-ci dəqiqəsində Viktor Osimxan səhnəyə çıxaraq (3:1) "Cim-Bom"u ümumi hesabda irəli çıxarıb - 6:5. Matçın 119-cu dəqiqəsində isə Barış Yılmaz "Qoca Sinyora"nin qapısına yol tapmaqla cavab matçında hesabı 3:2-yə, ümumi hesabı isə 7:5-ə çatdırıb. Bununla da, "Qalatasaray" cavab matçında uduzsa da (3:2), mərhələni aşan komanda olub.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"PSJ" - "Monako" - 2:2 (ilk oyun 3:2);
"Real" - "Benfika" - 2:1 (ilk oyun 1:0);
"Atalanta" - "Borussiya D - 4:1 (ilk oyun 0:2).
Beləliklə, turnirin 1/8 final mərhələsinə adlayan 8 komandanın hamısı bəlli olub.
Bu səkkizlikdə, "Nyukasl Yunayted ", "Bude-Qlimt", "Atletika", "Bayer", "PSJ", "Real" M, "Atalanta" və "Qalatasaray" yer alıb.
Bu komandalar turnirin əsas mərhələsində 36 komanda arasında ilk 8 yeri tutan komandalarla birlikdə mübarizəni 1/8 finaldan davam edəcəklər.
1/8 və 1/4 final mərhələnin oyunlarının püşkatma mərasimi fevralın 27-də baş tutacaq.
Mərhələnin oyunlarına gəlincə, 1/8 finalında ilk oyunlar 10-11 martda, cavab oyunlarsa 17-18 mart günlərində keçiriləcək.
1/4 final. İlk oyunlar 7-8 aprel, cavab oyunlarsa 14-15 aprel;
1/2 final. İlk oyunlar 28-29 aprel, cavab oyunlarsa 5-6 may günlərində.
Final. 5 may. Budapeşt (Macarıstan).
İNTİQAM Məmmədov


