Ağcabədidə Xocalı qurbanlarının xatirəsi yad edildi +FOTO=53
Tariximizin ən ağır və acı səhifələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına silinməz izlərlə həkk olunub. Hər il fevralın 26-da ölkəmizin hər yerində hüzün və ehtiramla anılır, Xocalı qurbanlarının xatirəsi böyük hörmətlə yad edilir. Bu faciə təkcə bir günün deyil, bütöv bir xalqın yaşadığı dərdin, itkilərin və ədalət axtarışının rəmzinə çevrilib.
AZpress.AZ xəbər veri ki, ölkəmizin hər yerində olduğu kimi Ağcabədi rayonunda da fevralın 26-sı xüsusi qeyd olunub. Səhər saatlarından etibarən rayon sakinləri və ictimaiyyət nümayəndələri Ağcabədi Qəhrəmanlar Parkına gələrək Şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, hüquq-mühafizə orqanlarının, YAP Ağcabədi rayon təşkilatının, digər idarə, müəssisə və təşkilatların rəhbərləri də Qəhrəmanlar Parkını ziyarət ediblər. Öncə şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra abidə kompleksi ziyarət olunub və önünə tər çiçəklər qoyulub.
Qəhrəmanlar parkına ziyarət gün ərzində davam edib. Tələbələr, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər xiyabanı ziyarət edərək, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, saat 17:00-da Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.


