Məmməd Əvəzoğlu:
O mən olmuşam
Hansını bənzədim özüm özümə,
Şəkildən cavanlıq baxır üzümə,
Qocalıq aynada girir gözümə,
İllər ötüb deyə, belə solmuşam?
Görəsən doğrudan o mən olmuşam?
Günlər açılardı nurlu səhərlə,
Birtəhər dil tapdıq köhnə şəhərlə,
Yaşadıq bəxtəvər qəhqəhələrlə,
İndi bir gülüşə həsrət qalmışam,
Görəsən doğrudan o mən olmuşam?
Şəkil xatirinə qaçardıq dərsdən,
Dalğa üstümüzə cumardı qəsdən,
Çılğın qağayılar duyardı səsdən,
Gecə sevgilimçün gül də yolmuşam,
Görəsən doğrudan o mən olmuşam?
Ləpələr sıldırım daşı yalardı,
Qızların saçını külək yolardı,
Hər baxış ürəyə naxış salardı,
Hansı çox gözəldi, hələ çaşbaşam...
Görəsən doğrudan o mən olmuşam?
Cavanlıq şəkildə dönüb heykələ,
Gəlməz o günlərim bir daha ələ,
Axı şəkillərdə cavanam hələ,
Niyə aynalarda yaşa dolmuşam?
Görəsən doğrudan o mən olmuşam?
Məmməd Əvəzoğlu.18.03.2026.


