Bakıda boksçuların beynəlxalq TMT keçiriləcək
Sabah Bakıdakı Boks Mərkəzində kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start ediləcək. ABF-dən (Azərbaycan Boks Federasiyası) verilən məlumata görə TMT-də Azərbaycan, Rumıniya və Gürcüstanı təmsil edən 60-dək dəri əlcək ustası iştirak edəcək. Gürcüstan millisi toplanışa bir gün gec qatılacaq. Toplanışda əsasən boksçularda texniki-taktiki və fiziki hazırlıq səviyyəsinin artırılmasına fikir veriləcək. Boksçular gündə iki dəfə məşq edəcəklər. TMT ərəfəsində sparrinqlər də təşkil ediləcək.
Qeyd edək ki, bu toplanış 2-7 aprel günlərində Bakıda keçiriləcək "Böyük İpək Yolu" beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq.
İNTİQAM Məmmədov


