Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tanınmış jurnalist vəfat edib

 

Azərbaycan jurnalistikası ağır itki ilə üzləşib.
“Qızıl qələm”, Həsən bəy Zərdabi mükafatları laureatı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatçısı, uzun illər Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri, “Yeni həyat” qəzetinin məsul katibi kimi fəaliyyət göstərmiş Həsənağa Murtuza oğlu Əliyev ömrünün 76-cı ilində, 20 mart 2026-cı ildə dünyasını dəyişib.
Ömrünün yarım əsrdən çoxunu jurnalistikaya həsr edən Həsənağa Əliyev bölgə mətbuatının inkişafına mühüm töhfələr vermiş, sözə məsuliyyətlə yanaşan, prinsipiallığı və peşəkarlığı ilə seçilən qələm sahibi kimi tanınmışdır. O, jurnalist adına daim yüksək ehtiramla yanaşmış, bu peşənin nüfuzunu qorumağı özünə borc bilmişdir.
Həsənağa Əliyev 1 noyabr 1949-cu ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Əmək fəaliyyətinə gənc yaşlarından başlayan H.Əliyev əvvəl kənd sovxozunda çalışmış, daha sonra “Çağırış” (sonralar “Yeni həyat”) qəzetinin mətbəəsində mürəttib və çapçı kimi işləyə-işləyə təhsilini davam etdirmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, bundan sonra rayon qəzetində korrektor, ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, redaktor müavini və məsul katib vəzifələrində çalışmışdır.
1995-ci ildə qəzetin fəaliyyəti dayandırıldıqdan sonra o, “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərmiş, müxtəlif respublika nəşrləri ilə əməkdaşlıq etmişdir. 2001-ci ildə “Yeni qəzet”də fəaliyyətini davam etdirmiş, sonrakı illərdə yenidən “Yeni həyat” qəzetinə qayıdaraq məsul katib kimi çalışmışdır.
Zəngin yaradıcılıq yolu keçmiş Həsənağa Əliyev bölgənin tanınmış publisistlərindən biri idi. O, səkkiz publisistik kitabın müəllifi kimi oxucuların rəğbətini qazanmışdır. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatına rəhbərlik etmiş, dəfələrlə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının İdarə Heyətinin üzvü seçilmişdir. Peşəkar fəaliyyəti “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatları ilə yüksək qiymətləndirilmişdir.
Eyni zamanda, o, ictimai həyatda da fəallığı ilə seçilmiş, Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən biri, Masallı rayon Ağsaqqallar Şurasının Mahmudavar ərazisi üzrə əlaqələndiricisi olmuşdur.
Gözəl ziyalı, səmimi insan, qayğıkeş ailə başçısı olan Həsənağa Əliyev 5 övlad, 9 nəvə və 2 nəticə yadigar qoyub.
Həsənağa Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, zəngin irsi və işıqlı ömür yolu isə gələcək nəsillərə örnək olaraq qalacaq.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin