Kişi tennis millimiz də Avrasiya Liqasında ikinci olub
Qazaxıstanın Aktobe şəhərində kişilər arasında keçirilən və Azərbaycan komandasının da iştirak etdiyi stolüstü tennis üzrə Avrasiya Liqasının birinci turuna yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, sözügedən yarışa ilk dəfə qatılan millimiz tarixi uğura imza atıb. Belə ki, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi altında bəlli turnirə qatılan və heyəti Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə triosundan ibarət olan milli komandamız turnirdə keçirdiyi 6 oyundan 5-də qalıb gələrək çıxışını ikinci yerdə başa vurub. Yeri gəlmişkən, Avrasiya Liqasında ikinci turun görüşləri 28-31 may günlərində keçiriləcək.
Xatırladaq ki, bundan öncə heyəti Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət olan qadın millimiz analoji yarışda ikinci yeri tutub.
İNTİQAM Məmmədov


