Şəmil Sadıqov:
Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan
AQİL CAMAL - 50
Dəyərli dostum, milli mətbuatımızın tanınan və sevilən simalarından olan Aqil Camalın 50 illik yubileyidir!
Aqil bəylə daha yaxından tanışlığımız Koreyada keçirilən Turan Qurultayında oldu. Bu görüş sadəcə tanışlıq deyildi – ortaq düşüncənin, eyni ruhun, eyni istiqamətin kəsişməsi idi. Orada anladım ki, biz sadəcə dost yox, fikir yolunda yol yoldaşıyıq.
Aqili necə tanımışamsa, elə də var: səsküysüz, iddiasız, amma içində böyük bir milli yük daşıyan insan. Nə özünə süni obraz yaradar, nə də diqqət üçün yarışar. O, sakit, amma qətiyyətli addımlarla öz yolunu gedənlərdəndir. Bu isə bu gün ən çətin, ən az rast gəlinən keyfiyyətdir.
Onun rəhbərlik etdiyi “Türküstan” qəzeti sadəcə bir media orqanı deyil – Türk dünyasının ortaq yaddaşını, düşüncəsini və ruhunu yaşadan bir tribuna, bir ideya meydanıdır. Bu qəzetdə təkcə xəbər yox, bir millətin nəfəsi var.
Aqil bəy, sən Azərbaycan mətbuatında yalnız bir jurnalist kimi yox, Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan. Sənin əməyin sərhədləri aşır, coğrafiyaları birləşdirir, dili, düşüncəni və kimliyi qoruyur.
Dəyərli ziyalımız, Azərbaycan və bütöv Türk dünyası üçün gördüyün işlərə görə sənə minnətdaram.
Həm şəxsim, həm də Hədəf komandası adından səni ürəkdən təbrik edir, can sağlığı, uzun ömür və bu yolda daha böyük uğurlar arzulayıram.
Yolun açıq, sözün kəsərli, qələmin daim diri olsun!


