Masallıda sağlam psixososial iş mühiti mövzusunda tədbir keçirilib
Masallıda “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda tədbir təşkil olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi və Masallı Rayon Komitəsinin birgə təşəbbüsü ilə Gənclər Evində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, qurumun hüquq şöbəsinin müdiri Fuad Nəsirov, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, FHN-in Cənub Regional İdarəsinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri və rayon komitələrinin sədrləri iştirak ediblər.
Mirzə Cəfərzadə çıxışında bildirib ki, müasir dövrdə sağlam psixososial iş mühitinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, əmək mühitində təkcə fiziki təhlükəsizlik deyil, işçilərin psixoloji rifahı, emosional sabitliyi və sosial münasibətləri də diqqətdə saxlanılmalıdır.
O, sağlam iş mühitinin yaradılması üçün təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin gücləndirilməsi, kollektivdə sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, xüsusilə təhsil müəssisələrində bu mühitin formalaşdırılması tədrisin keyfiyyətinə birbaşa təsir edir.
Çıxışlarda “sağlam mühit, sağlam təhsil, sağlam cəmiyyət deməkdir” fikri önə çəkilib və qurumlar birgə fəaliyyətə çağırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Akif AĞAYEV


