Masallıda şəhid İnqilab Nağıyevin anım günü
Aprelin 16-da Masallı rayonunda Vətən uğrunda canından keçmiş şəhid İnqilab Nağıyevin anadan olmasının 52-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Şəhidin adını daşıyan Boradigah qəsəbə 2 saylı tam orta məktəbində təşkil olunan anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, qohumları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Çıxış edənlər Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Nağıyevin şərəfli həyat və döyüş yolundan bəhs edərək bildiriblər ki, İnqilab kimi qəhrəman Vətən övladlarının xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaq.
Natiqlər vurğulayıblar ki, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə şəhidlərimizin qanı və canı bahasına əldə olunub və bu zəfər xalqımızın milli birliyinin, vətənpərvərliyinin bariz nümunəsidir.
Daha sonra tədbir şəhidin məzarı önündə davam etdirilib. İştirakçılar şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, şəhidlərin qəhrəmanlığını tərənnüm edən kompozisiyalar təqdim olunub.
Sonda şəhid İnqilab Nağıyevin əziz xatirəsi dərin ehtiramla anılıb, onun keçdiyi şərəfli ömür yolunun heç vaxt unudulmayacağı bir daha vurğulanıb.
Akif AĞAYEV


