Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda igid kəşfiyyatçı anılıb

 

Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Emil Əbil oğlu Əzizovun xatirəsi anılıb.
Tədbir rayonun Böyük Xocavar kəndində təşkil olunub. Anım günündə şəhidin doğmaları, rayon icra hakimiyyətinin, ərazi nümayəndəliyi və bələdiyyənin əməkdaşları, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Çıxışlarda 23 yaşında şəhidlik zirvəsinə ucalan Emil Əzizovun həyat və döyüş yolundan ətraflı bəhs edilib, onun qəhrəmanlığı və göstərdiyi şücaət vurğulanıb. Şəhidin qardaşı ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Daha sonra şəhidin evində ehsan süfrəsi açılıb.
Məlumat üçün bildirək ki, Emil Əzizov 15 sentyabr 1971-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini Masallı şəhər 1 saylı və Göytəpə qəsəbə orta məktəblərində alıb. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Əyani təhsil aldığı halda institut rəhbərliyinə ərizə ilə müraciət edərək qiyabi şöbəyə keçib. Məqsədi Vətənin müdafiəsi naminə cəbhəyə yollanmaq olub.
1993-cü ildə könüllü olaraq ordu sıralarına qoşulan Emil Əzizov 3 yanvar 1994-cü ildə kəşfiyyat bölüyünə göndərilib. Hərbi təlimlər zamanı komandirlərinin diqqətini cəlb edən döyüşçü bir neçə ağır əməliyyatda göstərdiyi şücaətə görə təşəkkürnamələrə layiq görülüb. Kəşfiyyat əməliyyatlarının birində dörd düşmən əsgərini əsir götürərək bölüyə gətirib.
Bundan əlavə, o, Ağdərənin Qırmızı kəndi istiqamətində gedən döyüşlərdə düşmənin bir zirehli texnikasını və sığınacaq yerini məhv edib. 
27 aprel 1994-cü ildə həmin ərazidə gecə saatlarında növbəti kəşfiyyat zamanı döyüş yoldaşları ilə birlikdə düşmən postuna yaxınlaşıb. Düşmənin duyuq düşməsi nəticəsində başlayan atışmada öndə gedən Emil bir neçə düşmən əsgərini məhv edib. Qarın nahiyəsindən yaralansa da döyüşü davam etdirib, lakin sonradan sinəsinə dəyən güllədən şəhid olub. Onun cəsədi döyüş yoldaşları tərəfindən döyüş meydanından təxliyə edilib.
İgid kəşfiyyatçımız 29 aprel 1994-cü ildə doğma kəndində torpağa tapşırılıb.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin