Beynəlxalq Mədəni İrs Ustad Məktəbində rəqs, oyun və ənənəvi idman mədəniyyəti üzrə tematik qrupun dərsləri keçirilib +FOTO=19
20-24 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarından biri - “Rəqs, oyun və ənənəvi idman mədəniyyəti” tematik qrupu üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan performativ mədəniyyətinin əsas komponentləri - Qarabağ atüstü oyun ənənəsi Çovqan, Naxçıvanın ənənəvi yallı rəqsləri (köçəri, tənzərə) və pəhləvanlıq - zorxana idman ənənələri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının performativ mədəniyyət kontekstində mənimsənilməsi, ənənəvi rəqs və oyunların tarixi və sosial funksiyalarının öyrənilməsi, Çovqan, Yallı və zorxana ənənələrinin estetik və mədəni xüsusiyyətlərinin təhlili, eləcə də iştirakçıların kollektiv icra və performans bacarıqlarının inkişaf etdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə Azərbaycanın ənənəvi rəqs, oyun və idman mədəniyyətinin müasir dövrdə qorunması və yeni nəsillərə ötürülməsi yollarına yönəlib.
Proqramın ilk günü - 20 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof. Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) qeyri-maddi mədəni irs anlayışı haqqında məruzə ilə çıxış edib. Dr. Dos. Rauf Bəhmənli (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) isə “Rəqs, oyun və ənənəvi idman mədəniyyəti anlayışı və tarixi” mövzusunda təqdimat edib.
21 aprel tarixində keçirilən ikinci modul Qarabağ atüstü oyun ənənəsi – Çovqana həsr olunub. Ramal Nadir (atçılıq üzrə mütəxəssis, jokey və məşqçi) “Milli atçılıq mədəniyyəti və Çövkən oyunu” mövzusunda çıxış edib. Təlim çərçivəsində oyunun qaydaları, terminologiyası, simvolik məzmunu, həmçinin Qarabağ atlarının tarixi və xüsusiyyətləri izah olunub. Praktiki hissədə təhlükəsizlik qaydaları və oyun elementlərinin nümayişi həyata keçirilib. Təlim çərçivəsində iştirakçılarla bərabər “Çovqan” üzrə Azərbaycan Liqasının oyunlarını izləmək, Çovqan oyunu və onun qaydaları ilə yerində tanış olmaq, həmçinin müxtəlif at cinsləri və xüsusilə Qarabağ atları ilə tanışlıq məqsədilə Binə Atçılıq Mərkəzinə səfər təşkil edilib.
22 aprel tarixində keçirilən üçüncü modul Naxçıvanın ənənəvi yallı rəqslərinə həsr edilib. Bu gün yallı rəqslərinin tarixi, sosial funksiyası və struktur xüsusiyyətləri təqdim olunub. Dr. Afaq Hüseynova və Emma Quliyeva tərəfindən ustad dərsləri keçirilib. Praktiki məşğələlər zamanı iştirakçılar yallı rəqsinə cəlb olunaraq kollektiv icra bacarıqlarını inkişaf etdiriblər.
23 aprel tarixində keçirilən dördüncü modul pəhləvanlıq və zorxana mədəniyyətinə həsr olunub. Xəyyam Orucov (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) tərəfindən zorxana oyunlarının tarixi, etik dəyərləri və məşq strukturu haqqında məlumat verilib. Praktiki hissədə ənənəvi məşq alətləri və əsas hərəkətlərin nümayişi həyata keçirilib.
24 aprel tarixində keçirilən yekun modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və müqayisəli təhlillər aparılıb. İştirakçılar rəqs elementləri, oyun nümunələri və zorxana hərəkətləri üzrə qrup təqdimatları ilə çıxış ediblər. Təlim proqramı praktik nümayişlər və yekun qiymətləndirmə ilə başa çatıb.
İştirakçıların layihələri elmi və tarixi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Proqramın sonunda iştirakçılar Azərbaycan ənənəvi rəqs, oyun və idman mədəniyyətini təhlil etmək, kollektiv performans bacarıqları nümayiş etdirmək və bu mədəni irs nümunələrinin müasir təqdimat yollarını əsaslandırmaq kimi mühüm bilik və bacarıqlar əldə ediblər.


