Rusiyadan alüminium ilk dəfə olaraq Azərbaycan vasitəsilə Ermənistana göndərilib
Rusiyadan Ermənistana Azərbaycan üzərindən daha bir tranzit yük daşınması başa çatıb.
AZpress.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, Biləcəri stansiyasından Böyük Kəsik stansiyasına ümumi çəkisi 700 ton olan 10 vaqon taxıl və iki vaqon ümumi çəkisi 133 ton olan alüminium yük göndərilib. Bu, alüminiumun bu marşrutla ilk dəfə daşınmasıdır.
Məlumata görə, artıq Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit olaraq 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq yarması daşınıb.
Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsulları ixracını davam etdirir. Bu günə qədər 8500 tondan çox dizel yanacağı, 979 tondan çox Aİ-92 benzini və 2955 tondan çox Aİ-95 benzini tədarük edilib.


