Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xatirə Rəhimli: 

Ömrünüzün əlamətdar günü mübarək!

Ömrünüzün əlamətdar günü mübarək!

Ən xoş, ən ülvi arzularınız həyata keçsin!

Bu gün-günəşli bir yaz günü, xalqını sevən vətəndaş, çox dəyərli ziyalı, vətənpərvər insan, hörmətli Rza Səfərsoyun ömrünün, həyatının sevinc dolu əlamətdar günüdür.

Yazın xoş ətirli bir günündə-mayın 6-da bu dünyaya göz açıb O. Bu gün onun bu işıqlı, bu nurlu dünyaya ilk salam verdiyi gündür!

Xoş gününüz xeyir-dualı olsun kaş ki!

Ömrünüzün bu əlamətdar, bu sevincli günü mübarək olsun, çox hörmətli, əziz Rza bəy!

Nə yaxşı ki, bu gözəl dünyada varsınız!

Nə yaxşı ki, bu xalqın sevimli oğlusunuz!

Nə yaxşı ki, xalqını, millətini çox sevirsən!

Nə yaxşı ki, haqqı sevən vətəndaşsan!

Yaşadığınız ömür həmişə təravətli olsun!

O təmiz-saf qəlbiniz daima sevinclə dolsun!

Haqq-ədalət tərəfdarı əziz Rza bəy yarım əsrə bərabər olan ömrünü şərəflə yaşayıb.

Keşməkeşli ömür yolu keçən Rza Səfərsoy xalqını, millətini, ana vətənini öz canı qədər çox sevən görkəmli ziyalı, ictimai xadimdir.

O, zabit kimi Vətəninə 16 il xidmət edib. Sağlamlığını vətənə fəda edərək kapitan rütbəsində ordudan təxris edilib.

Yeni yaşınızda sizə sevgi dolu mərhəmətli Allahdan həyatın ən şirin neməti olan can sağlığı və xeyirli, uzun ömür arzu edirəm!

Getdiyiniz yollarda heç vaxt külək əsməsin!

Ömrünüzə-gününüzə qaranlıq çökməsin!

Ürəyinizdən VƏTƏN sevgisi tükənməsin!

Qəlbinizdəki arzular boy verib çiçəklənsin!

Bu dünyanın bütün gözəllikləri sizin olsun kaş ki! Həyat yoldaşınız və əqiqədaşınız, əzizimiz Təranə xanımla birgə xoşbəxt ömür yaşayın! Arzulayıram ki, bəxtəvərlik olsun qismətiniz!

Uca Tanrı sizə ürəyinizcə olan sevinc dolu həyat nəsib etsin! Ömrünüzü həyatınız boyunca xoşbəxtlik, ağ günlər bürüsün!

Tale yollarınız həmişə işıqlı, nurlu olsun! Addımladığınız bütün yollar nura boyansın!

Bəxt çırağınız şölələnsin, işıq saçsın!

Çıraqdanlarınız heç vaxt sönməsin!

Arzularınız, istəkləriniz boy atıb çiçək açsın!

Ömrünüz-gününüz bahar təravətli olsun!

Bu yazını xoş notlarla tamamlayıram.

Sevincli gününüzü ürəkdən təbrik edirəm!

Qələmə aldığım bu şeir ad gününüzə, şad gününüzə məndən hədiyyə olsun deyirəm!

Azadlığın mübarək!

Gözəl gün oldu bu gün,

Sevindi qəmli gözün!

Güldü kədərli üzün,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Bu, belə ömür-gündür,

Bu bəxt-tale sənindir,

Saçların bəyaz dəndir,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Yazın dönməsin qışa,

Yolun düşməsin daşa,

Varlığın olsun, yaşa,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Üzünə Tanrı gülüb,

Doğması səni bilib!

Dərdli gününü silib,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Haqqı sevən oğulsan,

Əyilməzsən, məğrursan.

Nə yaxşı ki, sən varsan,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Başını dik tut, yaşa,

Heç vaxt düşmə təlaşa,

Ömrün yetsin yüz yaşa,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

 

 

Yurd sevgisi qəlbində,

Xoş dualar dilində.

Sevinclidir elin də,

Yurd oğlu, qəlbən deyək,

Azadlığın mübarək!

XATİRƏ ƏZİZ Rəhimli

Şair-publisist

6 may 2026

Best coffeeshop in Berlin