“Dirçələn Qarabağ” adlı sərginin açılış mərasimi keçirilib +FOTO=10
15 may 2026-cı il tarixində Azərbaycan İstiqlal Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dirçələn Qarabağ” adlı sərginin açılış mərasimi keçirilib.
Sərgidə Qarabağın bərpası, şəhərsalma və memarlıq layihələri, regionun tarixi-mədəni irsinin yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən işlər nümayiş olundu. Ekspozisiyada 27 rəsm əsəri təqdim edildi. Sənət nümunələrində Qarabağın tarixi, mədəni irsi, təbiəti və yenidənqurma prosesi bədii şəkildə əks olundu.
Tədbirin məqsədi Qarabağın müasir inkişaf konsepsiyasını, yenidənqurma prosesini və Azərbaycanın mədəni irsinin qorunması sahəsində görülən işləri ictimaiyyətə təqdim etməkdir.
Tədbirdə rəssam Mehriban Alışova və tarix elmləri doktoru Bəhmən Kərimov çıxış edərək Qarabağın əsrlərə söykənən zəngin tarixi-mədəni irsindən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs ediblər. Natiqlər öz çıxışlarında vurğulayıblar ki, Qarabağın dirçəlişi yalnız şəhər və kəndlərin yenidən qurulması deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, mədəni yaddaşın və tarixi irsin yenidən həyata qaytarılması deməkdir. Qeyd olunub ki, incəsənət və rəssamlıq bu prosesdə mühüm mənəvi missiya daşıyaraq cəmiyyətin tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Sərgidə tələbələr, rəssamlar və incəsənət xadimləri iştirak etdilər.
Sərgi may ayının 25-ə kimi davam edəcək.


